BMT Təhlükəsizlik Şurasının sessiyasında Fransa nümayəndəsinin çıxışı zamanı ABŞ nümayəndə heyəti etiraz əlaməti olaraq zalı tərk edib

14:55, 28.07.2026

 

Birləşmiş Ştatların nümayəndə heyəti Fransa nümayəndəsi çıxış edərkən etiraz əlaməti olaraq BMT Təhlükəsizlik Şurasının sessiyasını tərk edib. ABŞ-nin etirazı Birləşmiş Ştatları insan hüquqları ilə bağlı məsələlərə görə tənqid edən fransız diplomatların ifadələri ilə bağlıdır.

Bu barədə məlumatı “Associated Press” yayır.

Medianın məlumatına əsasən, diplomatlar arasında tənqidi fikir mübadiləsi Volker Turkun BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı vəzifəsinə yenidən təyin olunmasından sonra baş verib.

Məlumat üçün bildirək ki, iyulun 24-də BMT Baş Assambleyası Turkun dörd illik müddətə yenidən təyin olunmasını dəstəkləyib. Turk üzv ölkələrin əksəriyyətinin, o cümlədən Fransanın dəstəyini aldı, lakin Birləşmiş Ştatlar bu qərara qarşı çıxırdı. Səsvermədən sonra Fransanın BMT-dəki nümayəndəliyi “X” sosial şəbəkəsində Vaşinqtonun mövqeyini tənqid edən bəyanat dərc edib.

“ABŞ bir vaxtlar insan hüquqlarının müdafiəsi mayakı idi. İndi artıq belə deyil. Bu gün Amerika Şimali Koreya, Nikaraqua, Mali və Rusiyanın yanında təcrid olunub və dünya artıq ona qulaq asmır” – bəyanatda deyilir.

Cavab olaraq ABŞ-nin BMT-dəki səfiri Mayk Uolts bildirib ki, Fransa “insan hüquqlarını ən ağır şəkildə pozanları” dəstəkləyir və azad, suveren demokratiyalara, o cümlədən Birləşmiş Ştatlara, Böyük Britaniyaya və İsrailə “mühazirə oxuyan” şəxsə səs verir.

Oxşar