BMT Təhlükəsizlik Şurası Rusiyanın Gürcüstanın işğal olunmuş ərazilərindəki vəziyyəti və Rusiya–Gürcüstan münaqişəsi məsələsini müzakirə edib
BMT Təhlükəsizlik Şurası qapalı iclasda, Rusiya–Gürcüstan müharibəsinin 17-ci ildönümü ilə bağlı, Rusiyanın Gürcüstanın işğal olunmuş ərazilərindəki vəziyyəti və Rusiya–Gürcüstan münaqişəsi məsələsini nəzərdən keçirib.
Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, iclas çərçivəsində BMT-nin Baş katibinin Avropa, Mərkəzi Asiya və Amerika məsələləri üzrə köməkçisi Miroslav Yença məruzə ilə çıxış edib və Şura üzvlərinə yerindəki vəziyyət və Cenevrə Beynəlxalq Danışıqlarının gedişi barədə yenilənmiş məlumat təqdim edib.
İclasdan sonra BMT Təhlükəsizlik Şurasının üzv dövlətlərinin – Böyük Britaniya, Fransa, Sloveniya, Danimarka və Yunanıstanın, həmçinin Şuranın gələcək üzvü olacaq Latviya nümayəndələri mətbuat qarşısında birgə bəyanatla çıxış ediblər.
“Bəyanatda qeyd olunub ki, Gürcüstana qarşı Rusiyanın təcavüzündən və Abxaziya ilə Tsxinvali bölgəsində davam edən qanunsuz hərbi mövcudluğundan 17 il keçir. 2008-ci ilin avqustunda Rusiyanın Gürcüstana hücumu Rusiyanın qonşularına qarşı daha aqressiv siyasətinin başlanğıcını göstərdi. Rusiya bu yolu Ukraynaya qarşı əsassız və təxribat xarakteri daşımayan təcavüzü ilə davam etdirir.
Bəyanatda Gürcüstanın müstəqilliyi, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü qətiyyətlə dəstəklənib. BMT Nizamnaməsinin pozulması ilə Rusiyanın Gürcüstana hərbi müdaxiləsi, davam edən qanunsuz hərbi mövcudluğu, effektiv nəzarət həyata keçirməsi və iki regionun ilhaqına yönəlmiş addımları pislənib.
Sənəddə dərin narahatlıqla vurğulanır ki, Rusiya Avropa İttifaqının vasitəçiliyi ilə 2008-ci il avqustun 12-də imzalanmış atəşkəs sazişindən irəli gələn öhdəliklərini yerinə yetirməyib – qüvvələrini döyüş əməliyyatları başlanmadan əvvəlki xətlərə geri çəkməyib və insan hüquqları üzrə beynəlxalq monitorinq mexanizmlərinin, o cümlədən BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının ofisinin maneəsiz girişini təmin etməyib. Bəyanata əsasən, ölkələr Cenevrə Beynəlxalq Danışıqlarına (GID) sadiq qalırlar,” – deyə Gürcüstan Xarici İşlər Nazirliyi bildirib.