BMT-nin İnsan Hüquqları üzrə Monitorinq Missiyasının məlumatına görə, 2026-cı ilin iyul ayında Rusiyanın Ukraynada öldürdüyü dinc əhalinin sayı 2022-ci ilin yazından bəri ən yüksək həddə çatıb
2026-cı ilin iyul ayında Rusiyanın Ukraynada öldürdüyü dinc sakinlərin sayı 2022-ci ilin yazından bəri ən yüksək həddə çatıb. Bu barədə Ukrayna mediası BMT-nin İnsan Hüquqları üzrə Monitorinq Missiyasına istinadən məlumat yayıb.
BMT-nin hesabatına əsasən, 2026-cı ilin iyulunda Ukraynada azı 437 dinc sakin həlak olub, 2 610 nəfər isə yaralanıb. Hesabatda qeyd olunur ki, dinc əhali arasında itkilərin sayı əvvəlki ayla müqayisədə 30 faiz, 2025-ci ilin iyulu ilə müqayisədə isə 70 faiz artıb.
Məlumata görə, öldürülən və yaralanan uşaqların sayı da 2022-ci ilin aprelindən bəri ən yüksək həddə çatıb. 2026-cı ilin iyulunda Ukraynada 17 uşaq həlak olub, daha 166 uşaq yaralanıb.
Ukrayna mediasının yazdığına görə, uzaqmənzilli silahlardan endirilən zərbələr ölüm və xəsarətlərin əsas səbəbi olaraq qalır. Bu cür hücumlar dinc əhali arasında itkilərin 38 faizini təşkil edir. Dinc sakinlər arasında itkilərin böyük hissəsi cəbhə xəttindən uzaqda yerləşən şəhərlərdə qeydə alınıb.
BMT-nin məlumatına görə, ölüm və yaralanmaların ən yüksək göstəricisi Kiyev, Xerson, Zaporojye və Sumı vilayətlərində qeydə alınıb.
Qeyd edək ki, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra dinc sakinlər arasında ən çox itki 2022-ci ilin martında qeydə alınıb. Həmin ay Rusiyanın hücumları nəticəsində azı 4 313 mülki şəxs həlak olub.