BMT-nin İnsan Hüquqları Şurası Gürcüstanın işğal altında olan əraziləri haqda “Gürcüstanla əməkdaşlıq” adlı qətnamə qəbul edib
2025-ci ilin oktyabrın 8-də Cenevrədə BMT-nin İnsan Hüquqları Şurası Gürcüstanın işğal altında olan əraziləri haqda “Gürcüstanla əməkdaşlıq” adlı qətnamə qəbul edib. Məlumatı Gürcüstanın Xarici İşlər Nazirliyi yayır.
Onların məlumatına əsasən, Gürcüstanın 2017-ci ildən təqdim etdiyi və əsas mövzusu Gürcüstanın işğal altında olan ərazilərində mövcud insan haqlarının vəziyyəti olan qətnamə ilk dəfə olaraq konsensusla qəbul edilib.
“Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsalia qətnaməni şuranın iclasında təqdim edib.
İnsan Hüquqları Şurası konsensus yolu ilə qətnaməni qəbul etməklə Gürcüstana misli görünməmiş dəstək ifadə edib.
Qətnamədə İnsan Hüquqları Şurası bir daha Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini təsdiqləyir. Qətnamə Rusiya tərəfindən işğal edilmiş Abxaziya və Sxinvali bölgələrində etnik gürcü əhaliyə qarşı törədilmiş müxtəlif növ ayrı-seçkilik və insan hüquqları pozuntuları faktları ilə bağlı ciddi narahatlıq ifadə edir.
Qətnamədə Şura 2008-ci ilin 12 avqust tarixli atəşkəs haqqında razılaşma əsasında yaradılan Cenevrə Beynəlxalq Danışıqlarının əhəmiyyətini vurğulayır.
Ötən il olduğu kimi, sənəddə yenə də Rusiya tərəfindən Abxaziya və Sxinvali bölgələrinin işğalı ilə bağlı qeydlər, həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 2021–2024-cü illərdəki qərarları əksini tapıb.
Şura beynəlxalq və regional insan hüquqlarının monitorinqi mexanizmlərinin işğal olunmuş ərazilərə çıxışına icazə verilməməsindən narahatlığını ifadə edir. Bunu nəzərə almaqla, Şura BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının Ofisinin və beynəlxalq və regional insan hüquqları mexanizmlərinin işğal altında olan Abxaziya və Sxinvali bölgələrinə dərhal və məhdudiyyətsiz girişinin təmin edilməsini tələb edir” – Xarici İşlər Nazirliyi tərəfindən yayılmış məlumatda qeyd olunub.