BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyi İsrail-Qəzza münaqişəsinin başlanmasından iki il ötməsi ilə bağlı bəyanat dərc edib
BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyi 2023-cü ilin 7 oktyabr tarixindən iki il ötməsi ilə bağlı bəyanat dərc edib. Bəyanatda qeyd olunub ki, 2023-cü ilin oktyabrın 7-dən Qəzzada 66 000-dən çox fələstinli, o cümlədən 18 000-dən çox uşaq həlak olub. Binaların demək olar ki, 80%-i zədələnib və ya məhv olub, əkin sahələrinin 98%-dən çoxu zərər görüb.
“Yetərsiz qidalanma səbəbindən 455 nəfər həlak olub, onlardan 150-dən çoxu uşaqdır. Səhiyyə işçilərinə, pasiyentlərə, xəstəxanalara və digər tibb müəssisələrinə 790-dan çox hücum qeydə alınıb. Təxminən 660 000 uşaq ardıcıl üçüncü ildir məktəbi tərk etməyə məcburdur. Məktəblərin demək olar ki, 92%-nin əsaslı təmirə və ya tamamilə yenidən qurulmasına ehtiyac var. Qəzzanın su və gigiyena resurslarının təxminən 90%-i məhv edilib” – bəyanatda qeyd olunub.
Xatırladaq ki, cari ilin sentyabrında BMT-nin dərc etdiyi hesabatda deyilir ki, Qəzzada “Fələstinlilərin məhvi baş verir” və İsrailin hərəkətləri soyqırımın izahı üçün qoyulmuş meyarlara uyğundur.