BMT-nin Baş Assambleyası işğal altındakı Abxaziya və Sxinvali bölgəsindən olan məcburi köçkünlərin və qaçqınların statusu haqqında qətnamə qəbul edib
Nyu-Yorkda BMT-nin Baş Assambleyası 79-cu sessiya çərçivəsində Gürcüstan və dünyanın müxtəlif bölgəsinin 63 ölkəsi tərəfindən təşəbbüsü irəli sürülən – “Abxaziya, Gürcüstan və Sxinvali bölgəsindən/Cənubi Osetiya, Gürcüstan, məcburi köçkünlərin və qaçqınların statusu haqqında” qətnaməni qəbul edib. Qətnaməni rekord sayda – 107 ölkə dəstəkləyib. Məlumatı Gürcüstanın Xarici İşlər Nazirliyi yayır.
Qurumun məlumatında, Gürcüstanın qeyd olunan qətnaməni BMT-nin Baş Assambleyasında 2008-ci ilin mayından təqdim etdiyi və məqsədlərinə görə onun humanitar xarakter daşıdığı deyilir.
“Qətnamə Rusiya tərəfindən işğal olunmuş Gürcüstanın bölgələrində zorakı yolla həyata keçirilmiş demoqrafik dəyişiklikləri qınayır, qaçqınların etnik mənsubiyyətindən asılı olmayaraq, öz evlərinə ləyaqətlə və təhlükəsiz şəkildə qayıtmaq hüququnu təsdiqləyir və onların mülkiyyət hüququna hörmət və bu hüququn qorunması zərurətini vurğulayır.
Humanitar kontekstdən başqa, qətnamənin praktik əhəmiyyəti də var, çünki o, BMT-nin Baş katibinə qətnamənin icrası ilə bağlı illik hesabatın hazırlanmasını tapşırır. Bu, işğal altındakı Gürcüstanın bölgələrində insan hüquqları baxımından mövcud ağır vəziyyət və beynəlxalq monitorinq mexanizmlərinin olmaması fonunda, xüsusilə vacibdir.
Qətnamə həmçinin Cenevrə danışıqlarının iştirakçılarını Abxaziya və Sxinvali bölgələrində təhlükəsizlik və insan hüquqları baxımından mövcud vəziyyətin yaxşılaşdırılması üçün səyləri artırmağa çağırır. Bu isə, öz növbəsində, məcburi köçkünlərin və qaçqınların öz evlərinə qayıtması prosesinə kömək edəcək.
Son illərdə bəhsi keçən qətnamə artıq qlobal təşəbbüsə çevrilib, çünki dünyanın müxtəlif bölgələrindən onlarla ölkə onun həmmüəllifləri sırasına qoşulur.
Qətnamənin müzakirəsi zamanı iyunun 3-də Avropa İttifaqı, Birləşmiş Krallıq, Litva (Baltikyanı və Nordik ölkələri adından), Kanada (Avstraliya və Yeni Zelandiya adından) və Yaponiya dəstəkləyici bəyanatlar veriblər.
Bir fakt xüsusilə qeyd olunmalıdır ki, Gürcüstan bu dəfə də yalnız qətnaməyə illik dəstək dinamikasını qoruyub saxlamadı, həm də onu artırmağa müvəffəq oldu.
Gürcüstanın Xarici İşlər Nazirliyi qətnaməni dəstəkləyən və təşəbbüsün həmmüəllifi olan bütün dövlətlərə təşəkkürünü bildirir. Bu qərarla hər bir ölkə məcburi köçkünlərin və qaçqınların qayıtmaq hüququna bir daha dəstəyini ifadə etdi və hər bir qaçqına həmrəylik nümayiş etdirdi” – məlumatda qeyd olunub.
Xarici İşlər Nazirliyinin məlumatına əsasən, qətnamənin həmmüəllifləri/həmsponsorları arasındadır: Albaniya, Andorra, Antiqua və Barbuda, Avstraliya, Avstriya, ABŞ, Yeni Zelandiya, Belçika, Bolqarıstan, Almaniya, Qvatemala, Danimarka, Böyük Britaniya, Estoniya, İspaniya, Vanuatu, Türkiyə, Yaponiya, İslandiya, İrlandiya, İtaliya, Kabo-Verde, Kanada, Kiribati, Konqo Respublikası, Kosta-Rika, Latviya, Liberiya, Litva, Lixtenşteyn, Lüksemburq, Malavi, Malta, Marşal adaları, Meksika, Mikroneziya, Monako, Moldova, Monteneqro, Niderland, Norveç, Palau, Polşa, Portuqaliya, Rumıniya, Samoa, San Marino, Fransa, Gürcüstan, Yunanıstan, Slovakiya, Sloveniya, Tonqa, Trinidad və Tobaqo, Tuvalu, Macarıstan, Ukrayna, Finlandiya, Fici, Xorvatiya, İsveç, Çexiya, Şimali Makedoniya, Cibuti.