BMT İsrail tərəfindən Qəzza sektorunda Nasser xəstəxanasına hücuma münasibət bildirir - "Bu şokedicidir və qəbuledilməzdir, çoxlu suallar yaranır, bütün bu kimi hallar araşdırılmalıdır"
BMT İsrail tərəfindən Qəzza sektorunda yerləşən Nasser xəstəxanasına endirilmiş zərbələrə münasibət bildirir.
BMT-nin İnsan Haqları Ofisinin nümayəndəsi Tamin al-Xitanın dediyi kimi, baş vermiş hadisə ilə əlaqədar istintaq aparılmalıdır.
“Bu şokedicidir və qəbuledilməzdir. Jurnalistlərin hədəfə alınması ilə bağlı çoxlu suallar yaranır və bütün bu kimi hallar mütləq araşdırılmalı, günahkarlar cəzalandırılmalıdır. Bu araşdırmalar nəticə verməli, ədalət bərpa olunmalıdır” – BMT-nin İnsan Haqları Ofisinin nümayəndəsi Tamin al-Xitan bildirib.
İsrail Müdafiə Qüvvələrinin ilkin araşdırmasına əsasən, hücumun hədəfi “HƏMAS” tərəfindən yerləşdirilən kamera” olub. Onların məlumatına əsasən, həlak olanlardan altısı terrorçudur və jurnalistlər onların hədəfi olmayıb.
Xatırladaq ki, İsrail tərəfindən Qəzza sektorunda yerləşən Nasser xəstəxanasına endirilmiş zərbələr nəticəsində 5-i jurnalist olmaqla 20 nəfər həyatını itirib. Bununla yanaşı, Qəzzanın Səhiyyə Nazirliyinin məlumatına əsasən, 2023-cü ilin oktyabrın 7-dən sonra Qəzzada 62 819 nəfər həlak olub.