“Bloomberg” – Türkiyə Ukrayna və Rusiya nümayəndələri ilə danışıqlarda sülhməramlı missiya çərçivəsində öz hərbçilərini Ukrayna ərazisinə yerləşdirməyə açıq olduğuna eyham vurub
Türkiyə Ukrayna və Rusiya nümayəndələri ilə danışıqlarda sülhməramlı missiya çərçivəsində öz hərbçilərini Ukrayna ərazisinə yerləşdirməyə açıq olduğuna eyham vurub – bu haqda “Bloomberg” agentliyi yazır.
Agentliyin mənbələrinin məlumatına əsasən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Volodimir Zelenski və Rusiyanın xarici işlər naziri Serqei Lavrov ilə Ukraynaya qoşunların mümkün göndərilməsini müzakirə edib.
Bununla yanaşı, agentliyin mənbələri bildirirlər ki, Ankara bu məsələ ilə bağlı bütün məsləhətləşmələrdə və hazırlıqda iştirak etməsə, Türkiyə heç bir “sülhməramlı missiya”da iştirak etməyəcək.
“Bloomberg”in məlumatına əsasən, Ukraynada NATO əsgərlərinin yerləşdirilməsinə açıq şəkildə qarşı çıxan Rusiya Türkiyəyə bu ideya ilə bağlı konkret cavab verməyib. Mənbələr bildirirlər ki, Ankara ilə Moskva arasında aparılan danışıqlarda bu məsələ prioritet hesab edilmir.
Məlumat üçün bildirək ki, son həftələrdə Avropa dövlətləri avropalı sülhməramlıların Ukraynada yerləşdirilməsi ilə bağlı danışıqları aktivləşdiriblər. Medianın məlumatına əsasən, Böyük Britaniya və Fransa Ukraynada 30 minə qədər avropalı hərbçinin yerləşdirilməsini nəzərdə tutan plan hazırlayıb.