"Bloomberg" - Təhlükəsizlik təminatları çərçivəsində 10-a qədər ölkə Ukraynaya qoşun göndərməyə hazır olduğunu bildirib
Təhlükəsizlik təminatları çərçivəsində 10-a qədər ölkə Ukraynaya qoşun göndərməyə hazır olduğunu bildirib. Bu barədə məlumatı “Bloomberg” agentliyi yayır.
Müharibə başa çatdıqdan sonra xarici ölkələrin hərbi kontingenti cəbhə xəttindən uzaqda ukraynalı əsgərlərin hazırlığına cəlb olunmalıdır.
Media vasitəsinin məlumatına əsasən, Ukrayna üçün təhlükəsizlik təminatları paketi bu həftə formalaşdırılmalıdır. “Bloomberg”in qeyd etdiyi kimi, avropalı liderlər Vladimer Putin və Volodimir Zelenski arasında mümkün görüşdən əvvəl Kiyevi daha güclü mövqeyə qoymağa çalışırlar.
“Bloomberg”in mənbələrinin məlumatına əsasən, dünən avropalı yüksək rütbəli rəsmilərin onlayn görüşündə sülh razılaşması çərçivəsində Britaniya və Fransa qoşunlarının Ukraynaya göndərilməsi müzakirə olunub. Media vasitəsinin respondentləri bildirirlər ki, təxminən 10 ölkə Ukraynaya qoşun göndərməyə hazır olduğunu bildirib. Lakin, hələlik ABŞ-nin təhlükəsizlik təminatlarında hansı rolu oynayacağı dəqiq deyil. Böyük Britaniya hökumətində bildirirlər ki, avropalı hərbi rəhbərlər etibarlı təhlükəsizlik təminatlarını və döyüş əməliyyatları başa çatdıqdan sonra qüvvələrin yerləşdirilməsi məsələsini müzakirə etmək üçün yaxın günlərdə amerikalı həmkarları ilə görüşəcəklər.
Xatırladaq ki, Donald Tramp dünən “Fox News”a müsahibəsində Ukraynaya amerikalı hərbçilərin yerləşdirilməsini istisna etmişdi, lakin bir neçə Avropa dövlətinin buna dair istəyini ifadə etdiyini və buna qarşı olmadığını demişdi. Trampın bəyanatına əsasən, ABŞ Ukraynaya hava vasitələri ilə dəstək verə bilər. Bununla yanaşı, o, Ukraynanın NATO-ya üzv olma imkanını istisna edib.