"Bloomberg" - Rusiya Ukraynada müharibə üçün əcnəbiləri oyun tətbiqi vasitəsilə öz tərəfinə çəkməyə çalışır
"Bloomberg" - Rusiya Ukraynada müharibə üçün əcnəbiləri oyun tətbiqi vasitəsilə öz tərəfinə çəkməyə çalışır

 

Rusiya Ukraynada müharibə üçün əcnəbiləri oyun tətbiqi vasitəsilə öz tərəfinə çəkməyə çalışır – bu haqda “Bloomberg” məqalə dərc edir.

Nəşrin məlumatına əsasən, Rusiya Cənubi Afrika vətəndaşlarını “Discord” platforması vasitəsilə Ukraynada müharibə üçün öz tərəfinə çəkib.

“Bloomberg” yazır ki, 20 yaşlı iki kişi ötən ilin iyul ayında oyun platformasının istifadəçilərindən biri ilə ünsiyyət qurduqdan sonra Cənubi Afrikanı tərk edib. Onlara Sankt-Peterburq yaxınlığında Rusiya ordusu ilə bir illik müqavilələr təklif edilib.

Əsas təlimdən sonra onlardan biri 2024-cü ilin oktyabrında Luqansk bölgəsində cəbhə xəttində həlak olub, digərinin yeri isə bu günə qədər bilinmir.

“Bloomberg”in məlumatına əsasən, onlara Rusiya vətəndaşlığı və hərbi xidmətdən sonra təhsil almaq imkanı vəd edilib.

Nəşr yazır ki, Rusiya həmçinin Keniya, Kamerun və Burkina Faso da daxil olmaqla digər Afrika ölkələrinin vətəndaşlarını da cəlb edib. Mənbələrin məlumatına əsasən, bu çağırış təcrübəsi Ukraynadakı Rusiya ordusunda böyük itkilər və kadr çatışmazlığı fonunda yaranıb.