“Bloomberg” – Rusiya rəsmilərinin məlumatına görə, Alyaskada Donald Trampla keçirilən görüşdən sonra Vladimir Putin Ukraynaya hücumları gücləndirmək qərarını verib
Rusiya prezidenti Vladimir Putin, ABŞ prezidenti Donald Trampla Alyaskada keçirilən görüşdən sonra Ukraynaya hücumların gücləndirilməsi barədə qərar qəbul edib. Bu barədə Bloomberg rus yüksək vəzifəli şəxslərə istinadla yazır.
Mənbələrin bildirdiyinə görə, Alyaskadakı görüşdən və Ukraynanın Rusiyanın şərtlərini rədd etməsindən sonra Putin belə nəticəyə gəlib ki, hərbi eskalasiya Ukraynanı danışıqlar zamanı Moskvanın şərtlərinə razı salmağın ən yaxşı yoludur. Nəşrin məlumatına görə, Putin həmçinin az ehtimal edir ki, Tramp Ukraynanın müdafiəsini gücləndirmək üçün hər hansı ciddi addımlar atacaq.
“Məqsəd Putinin niyyətidir – Ukraynanın enerji şəbəkəsinə və digər infrastrukturuna zərbələrin davam etdirilməsi”, – deyə mənbələr bildirirlər.
Məlumata görə, Alyaskadakı görüş zamanı Putini inandırıblar ki, Tramp Rusiya-Ukrayna münaqişəsinə müdaxilədə maraqlı deyil.
Bloomberg, Ukrayna Hərbi Hava Qüvvələrinin komandanlığının məlumatına əsasən yazır ki, Tramp və Putinin danışıqlarından sonrakı bir ay ərzində Rusiyanın Ukraynaya pilotsuz uçuş aparatları və raketlərlə endirdiyi zərbələrin sayı təxminən 46% artıb.
Rus rəsmiləri Bloomberg-lə söhbətində deyiblər ki, Putin həmçinin Qəzzada İsrailin apardığı müharibəni yaxından izləyir. Rusiya lideri hesab edir ki, Netanyahunun Qəzzadakı addımları Rusiyanın Ukraynadakı hərəkətlərindən qat-qat sərtdir və o, bunu ABŞ və Avropa hökumətləri tərəfindən əsasən qəbul edilmiş kimi görür. Bu isə Moskvaya ünvanlanan tənqidləri zəiflədir.
“Rusiya lideri ABŞ-la istənilən dialoqu davam etdirəcək, lakin gələcəkdə də zəruri hesab etdiyi addımları atacaq”, – deyə mənbələr Bloomberg-ə bildiriblər.