“Bloomberg” – Putinin Ukraynada atəşkəsdən imtina etməsi ABŞ-Rusiya arasında yeni münasibətlərin ilk sınağı ola bilər

12:25, 25.02.2025

 
Putinin Ukraynada atəşkəsdən imtina etməsi ABŞ-Rusiya arasında yeni münasibətlərin ilk ciddi sınağı ola bilər. Bu haqda məlumatı “Bloomberg” yayır.

Nəşrin yazdığı kimi, Vaşinqtonun Rusiyanı təcavüzkar adlandırmaqdan artıq imtina etməsi, eləcə də Ukraynanın NATO-ya üzvlüyünün və Rusiya tərəfindən işğal olunmuş ərazilərin geri qaytarılmasının qeyri-real olduğunu deməsi fonunda, Kreml güzəştə getmək və ya hərbi əməliyyatları azaltmaq niyyətini göstərmir.

Anonim rus mənbələri “Bloomberg”ə bildiriblər ki, Moskva Tramp və Putin arasında münasibətlərin istiləşməsinə ehtiyatla yanaşır, çünki onlar Ağ Evin strategiyasını tam başa düşmürlər və “tələlərdən” ehtiyat edirlər.

Bununla yanaşı, mənbələr Trampın Ukrayna Prezidenti Volodimir Zelenskini diktator adlandırdığı bəyanatının yüksək vəzifəli Kreml rəsmilərini təəccübləndirdiyini bildiriblər.

“Bloomberg”in yazdığı kimi, fikir ayrılığı Trampın Pasxa bayramından əvvəl atəşkəsi təmin etmək istəməsindədir. Həmçinin, Donald Tramp Ukraynaya avropalı sülhməramlıların göndərilməsini dəstəkləyir, Moskva isə xarici qoşunların yerləşdirilməsinə qarşı çıxır və Ukraynanın Silahlı Qüvvələrini məhdudlaşdırmağa çalışır.

Oxşar