Bloomberg – Polşa hökuməti ilin sonuna qədər Rusiyadan neft, qaz və kömür idxalını dayandırmaq istəyir

14:06, 30.03.2022

Polşa hökuməti bu ilin sonuna qədər Rusiyadan neft, qaz və kömür idxalını dayandırmaq istəyir. Bu barədə Bloomberg agentliyi yazır.

Polşanın baş naziri Mateuş Moravetskinin sözlərinə görə, Polşa 2022-ci ilin sonuna kimi Rusiyadan neft idxalını dayandırmaq üçün mümkün olan hər şeyi etməyi planlaşdırır.

“Biz Avropada Rusiya neftindən, Rusiya qazından, Rusiya kömüründən imtina etmək üçün ən radikal planıq. Bu plan Avropanın nəhayət özünə gəlməsi üçün lazımdır, çünki Avropada başqaları Rusiyanı biznes tərəfdaşı kimi görəndə biz onun neftdən və ən çox da qazdan şantaj aləti kimi istifadə etdiyini bilirdik”, – Moravetski deyib.

Eurostatın məlumatına görə, Covid-19 pandemiyasından əvvəl, 2019-cu ildə Polşa Rusiyadan gündəlik 365 min barel xam neft idxal edib ki, bu da ölkənin idxal etdiyi xam neftin təxminən 70 faizini təşkil edirdi.

Polşa baş nazirinin sözlərinə görə, Polşa gələn ay və ya may ayından etibarən Rusiyadan kömür almağı dayandıracaq. Təbii qazın alınmasına gəlincə, Polşa ilə Rusiya arasında qazın alınmasına dair uzunmüddətli müqavilənin müddəti bu ilin sonunda başa çatır və hökumət onu uzatmaq niyyətində olmadığını bəyan edib.

Oxşar