“Bloomberg” – Donald Tramp “Sülh Şurası”na üzvlük müqabilində dövlətlərdən bir milyard dollar ödəniş tələb etmək istəyir
“Bloomberg”in məlumatına görə, ABŞ prezidenti “Sülh Şurası”na üzvlük müqabilində dövlətlərdən bir milyard dollar ödəniş tələb etmək niyyətindədir.
Agentliyin yazdığına görə, Trampın təşəbbüsü ondan ibarətdir ki, onun tərəfindən irəli sürülən sözdə Sülh Şurası BMT-yə alternativə çevrilsin.
“Bloomberg” yazır ki, jurnalistlər “Sülh Şurası”nın nizamnamə layihəsini əldə ediblər.
Sənəddə “Sülh Şurası” sabitliyin təşviqini, etibarlı və qanuni idarəçiliyin bərpasını, həmçinin hazırda münaqişə olan və ya qarşıdurma təhlükəsi mövcud olan regionlarda dayanıqlı sülhün təmin edilməsini hədəfləyən bir təşkilat kimi xarakterizə olunur.
Layihəyə əsasən, Tramp administrasiyası “Sülh Şurası”nda daimi üzvlük istəyən ölkələrdən bir milyard dollar məbləğində töhfə tələb etmək niyyətindədir. Bununla yanaşı, Donald Tramp şuranın sədri olacaq və təşkilata kimi dəvət edəcəyinə o qərar verəcək.
Layihəyə görə, sözdə Sülh Şurasında qərarlar səs çoxluğu ilə qəbul ediləcək və hər ölkənin bir səsi olacaq. Eyni zamanda, ümumi qərarın qüvvəyə minməsi üçün şura sədrinin razılığı tələb olunacaq. Bundan əlavə, Tramp təşkilatın iclaslarının gündəliyini də təsdiqləyəcək. ABŞ prezidenti şuradan üzv ölkəni çıxarmaq hüququna malik olacaq, digər üzvlər isə səslərin üçdə ikisini toplamaqla bu qərarı bloklaya biləcəklər. Təşkilat sədrinin postunda Trampın yerinə keçəcək şəxsi də o özü seçəcək. Layihəyə əsasən, sözdə Sülh Şurası ən azı ildə bir dəfə toplanacaq, zərurət yarandıqda isə əlavə iclaslar da keçiriləcək. “Bloomberg”in yazdığına görə, Tramp ölkələrin töhfələri nəticəsində toplanan vəsaitin hara xərclənəcəyinə təkbaşına nəzarət etməyi planlaşdırır. Anonim mənbənin bildirdiyinə görə, Tramp ilk növbədə Qəzza sektorunun bərpasının maliyyələşdirilməsini istəyir.