"Bloomberg" - Donald Tramp Norveçin Baş nazirinə məktub göndərib - "Ölkəniz Nobel Sülh Mükafatını verməmək haqda qərar qəbul etdi, mən özümü artıq yalnız sülh haqqında düşünməyə borclu saymıram"
ABŞ Prezidenti Donald Tramp Norveçin Baş naziri İonas Qar Stioreyə məktub göndərərək qeyd edir ki, Nobel Sülh Mükafatını qazana bilməməsinə görə “özünü artıq yalnız sülh haqqında düşünməyə borclu saymır”.
Qeyd olunan məlumatı “Bloomberg” yayır.
Yayılmış məlumata əsasən, Tramp məktubda səkkizdən çox müharibəni bitirdiyini, lakin yenə də Nobel Sülh Mükafatının ona verilmədiyini qeyd edir.
“Səkkiz “plus” müharibəni dayandırdığım üçün ölkənizin mənə Nobel Sülh Mükafatını verməmək haqda qərar qəbul etdiyini nəzərə alsaq, mən özümü artıq yalnız sülh haqqında düşünməyə borclu saymıram” – Donald Trampın məktubunda deyilir.
ABŞ Prezidentinin sözlərinə əsasən, indi o, “Amerika Birləşmiş Ştatları üçün nəyin yaxşı və doğru olduğu” barədə düşünə bilər.
“Qrenlandiya üzərində tam və ümumi nəzarətimiz olmasa, dünya təhlükəsiz olmayacaq”- Tramp qeyd edir.
Nobel Sülh Mükafatını Osloda Nobel Komitəsi verir. Norveçin Baş nazirinin dediyi kimi, Norveç hökumətinin bu prosedura təsiri yoxdur.
“Nobel Sülh Mükafatı ilə bağlı mən Trampa yaxşı məlum olanı bir neçə dəfə izah etmişəm: mükafatı Norveç hökuməti deyil, müstəqil Nobel Komitəsi verir” – Norveçin Baş naziri bildirib.