"Bloomberg" - Böyük Britaniya Ukraynaya əlavə sayda "Storm Shadow" tipli raketlər çatdırıb
"Bloomberg" - Böyük Britaniya Ukraynaya əlavə sayda "Storm Shadow" tipli raketlər çatdırıb

 

Böyük Britaniya Ukraynaya əlavə sayda “Storm Shadow” tipli raketlər çatdırıb. Məlumatı “Bloomberg” agentliyi yayır.

Kiyevə konkret olaraq nə qədər raketin çatdırıldığı dəqiqləşdirilməyib, lakin məqalədə qeyd edildiyi kimi, bu, qış dövrü üçün kifayət etməlidir. Bu dövrdə Böyük Britaniya hökumətinin nümayəndəsinin nəşrlə söhbətində dediyi kimi, Rusiya Ukrayna ərazisində yerləşən infrastruktur obyektlərinə zərbələri gücləndirəcək.

“Bloomberg” yazır ki, Londonun qərarı ABŞ Prezidenti Donald Trampın bu mərhələdə Ukraynaya “Tomahawk” tipli qanadlı raketləri verməkdən imtina etdiyi barədə bəyanatı ilə əlaqəli ola bilər.

“Storm Shadow” tipli raketlər “Tomahawk” raketləri qədər uzaq məsafəyə təsir etmir, lakin Ukraynanın bu silahla Rusiyanın ərazisinin dərinliklərində, bir neçə yüz kilometr məsafədə zərbələr endirmək imkanı var.

Ukrayna bu raketlərdən ilk dəfə 2024-cü ildə istifadə edib. Britaniya hakimiyyəti “Storm Shadow” tipli raketlərin Kiyevə çatdırılmasını nə təsdiqləyib, nə də təkzib edib.