“Bloomberg” – Avropalı liderlər ABŞ-ı yeni sanksiyalara təhrik etməzdən əvvəl Ukrayna və Rusiya prezidentlərinin İstanbulda mümkün görüşünü gözləməyə hazırdır
Avropalı liderlər Ukrayna prezidenti Volodimir Zelenski və Rusiya prezidenti Vladimir Putin arasında İstanbulda baş tuta biləcək mümkün görüşü gözləməyə hazırdırlar və bu görüş baş tutmadan əvvəl ABŞ-ı Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə təşviq etmək istəmirlər. Bu barədə “Bloomberg” agentliyi danışıqlara yaxın mənbələrə istinadən yazır.
Məqalədə bildirilir ki, amerikalı və avropalı rəsmi şəxslər arasında aparılan məsləhətləşmələrdən sonra məlum olub ki, ABŞ prezidenti administrasiyası Zelenski və Putinin danışıqlarına şans vermək istəyir və yalnız bundan sonra Moskvaya təzyiqləri artırmaq niyyətindədir.
Nəşrin məlumatına görə, əgər Putin 15 mayda Zelenski ilə görüşdən imtina edərsə və ya Rusiya dərhal və qeyd-şərtsiz atəşkəsə razılaşmazsa, avropalı liderlər Trampa sanksiyalarla bağlı verdiyi vədi yerinə yetirməyə çağıracaqlar.
“Bloomberg” həmçinin qeyd edir ki, ABŞ hələ də sualına aydın cavab verməyib: Vaşinqton Rusiya qarşısında hücumlar davam edərsə və ya Putin Zelenski ilə görüşdən imtina edərsə, sanksiyalar tətbiq etməyə hazırdırmı?
Putin Ukraynaya 15 mayda Türkiyədə birbaşa danışıqlar aparmağı təklif edib. Eyni zamanda, nəşrin qeyd etdiyi kimi, Putin Avropa ölkələrinin və ABŞ-ın Rusiyaya 30 günlük atəşkəs elan etmə çağırışlarını görməməzliyə vurub. Zelenski isə bildirib ki, Putinlə İstanbulda birbaşa danışıqlara hazırdır. Bundan başqa, Tramp danışıqlar günü şəxsən İstanbula gedə biləcəyini də istisna etməyib. Onun sözlərinə görə, Zelenski Türkiyədə görüşməyə məhz onun çağırışından sonra razılıq verib. Başlanğıcda isə Ukrayna və Avropa ölkələri danışıqlar üçün əsas şərt kimi atəşkəsi göstərirdilər.