“Bloomberg”: Avropa İttifaqı şəhərlərə qısamüddətli kirayə platformalarının fəaliyyətini məhdudlaşdırmağa kömək edəcək yeni tədbirlər üzərində işləyir

16:02, 29.07.2026

Avropa İttifaqı şəhərlərə Airbnb və digər qısamüddətli kirayə platformalarının fəaliyyətini məhdudlaşdırmağa kömək edəcək yeni tədbirlər paketi hazırlayır. Bu barədə Bloomberg agentliyi yazır.
Təşəbbüsün məqsədi Avropa miqyasında mənzil çatışmazlığı və mənzillərin əlçatanlığı problemini qismən aradan qaldırmaqdır.
Bloomberg-in məlumatına görə, Avropa Komissiyası Aİ-yə üzv bütün ölkələrdə tətbiq oluna biləcək vahid metodologiya təqdim etməyi planlaşdırır. Bu metodologiya vasitəsilə yerli hakimiyyət orqanları mənzil qıtlığının xüsusilə kəskin olduğu əraziləri müəyyən edəcək, həmçinin qısamüddətli kirayə fəaliyyətinin məhdudlaşdırılmasının zəruri və proporsional olub-olmadığını qiymətləndirəcəklər.
Nəşrin yazdığına görə, Ursula fon der Lyayenin bu təşəbbüs barədə sentyabr ayında Avropa Parlamentində edəcəyi illik çıxış ərəfəsində rəsmi açıqlama verməsi gözlənilir.
Bloomberg bildirir ki, təşəbbüs ilk növbədə turistlər üçün qısamüddətli kirayə fəaliyyətini məhdudlaşdırmağa cəhd göstərən, lakin bu səbəbdən daşınmaz əmlak sahibləri və qısamüddətli kirayə platformaları tərəfindən Avropa İttifaqının vahid bazar qaydalarına istinad edilərək məhkəməyə verilən bələdiyyələrə dəstək verməyi hədəfləyir. Mənbələrin sözlərinə görə, bu addım yerli hakimiyyət orqanlarının hüquqi müdafiəsini gücləndirmək məqsədi daşıyır.

Oxşar