“Bloomberg” – ABŞ Ukraynada sülhün bərqərar olması planı çərçivəsində Rusiyaya qarşı sanksiyaların yüngülləşdirilməsi təklifi ilə çıxış edir

19:14, 18.04.2025

 

ABŞ Ukraynada sülhün bərqərar olması planı çərçivəsində Rusiyaya qarşı sanksiyaların yüngülləşdirilməsi təklifi ilə çıxış edir – bu barədə “Bloomberg” yazır.

“Bloomberg”in yazdığı kimi, ABŞ müttəfiqlərinə Rusiya və Ukrayna arasında sülh razılaşmasının əldə olunmasına yönəlmiş təklif təqdim edib. Bu layihə Ukraynada döyüş əməliyyatlarının dayandırılmasını və davamlı atəşkəs halında Moskvaya qarşı tətbiq olunan sanksiyaların yüngülləşdirilməsini ehtiva edir.

Avropalı yüksək rütbəli məmurun “Bloomberg”ə açıqladığı üzrə, ABŞ-nin planının konturları Parisdə keçirilən danışıqlar zamanı səsləndirilib. Bu danışıqlarda ABŞ dövlət katibi Marko Rubio, ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkof, Fransa Prezidenti Emmanuel Makron, eləcə də Fransa, Almaniya, Britaniya və Ukrayna liderlərinin müşavirləri iştirak edirdilər.

“Bloomberg”ə əsasən, ABŞ faktiki olaraq münaqişənin dondurulması təklifi ilə çıxış edir. Bununla yanaşı, Rusiya tərəfindən işğal edilən ərazilər Moskvanın nəzarətində qalacaq. “Bloomberg”in mənbələri bu planın daha konkret təfərrüatlarını təqdim etməyiblər.

“Bloomberg” yazır ki, Ukrayna ərazilərinin hələ də Rusiya tərəfindən işğalı şəraitində Rusiyaya qarşı sanksiyaların yüngülləşdirilməsi planı ABŞ-nin müttəfiqləri arasında narahatlıq yaradır.

Məlumat üçün bildirək ki, Avropa İttifaqının sanksiyalarının yüngülləşdirilməsi üçün Avropa İttifaqına üzv 27 ölkənin razılığı lazımdır.

Oxşar