“Bloomberg” – ABŞ Ukrayna üçün Amerika silahının satınalınması proqramını maliyyələşdirmək məqsədilə NATO müttəfiqlərindən əlavə vəsait ayırmağı xahiş edir
Amerika Birləşmiş Ştatları Ukrayna üçün Amerika silahının satınalınması proqramını maliyyələşdirmək məqsədilə NATO müttəfiqlərindən əlavə vəsait ayırmağı xahiş edir.
“Bloomberg”in məlumatına əsasən, müvafiq xahiş müttəfiqlərə cari ayda göndərilə bilər. PURL proqramı Ukraynanın prioritet ehtiyaclarının siyahısını nəzərdə tutur, proqram çərçivəsində də avropalı müttəfiqlər Ukrayna üçün Amerika silahını satın alırlar.
ABŞ-nin müttəfiqlərdən ayırmağı xahiş etdiyi vəsaitin məbləği hələlik məlum deyil. Nəşrin mənbələrinin məlumatına əsasən, artıq təsdiqlənmiş paketlərin maliyyələşdirilməsi üçün təxminən 2 milyard dollar defisit var.
Bununla yanaşı, mənbələrin verdiyi məlumata əsasən, Donald Trampın bəyanatları ilə real yardım arasındakı uyğunsuzluq müttəfiqlər arasında çaşqınlıq yaradıb, bu da bəzən onları Ukrayna üçün yeni silahların alınmasına əlavə vəsait ayırmağa inandırmağı çətinləşdirirdi.
Məlumat üçün bildirək ki, ötən ay ABŞ Rusiyanın energetika infrastrukturuna zərbələr endirilməsinə cavab olaraq Ukraynanı PURL proqramı çərçivəsində silah tədarükünü dayandırmaqla hədələmişdi, lakin proqram davam etdirildi.