“Black Sea Petroleum” – Qulevidə yerləşən neft emalı zavodu qeyri-Rusiya mənşəli xammalın emalına başlayıb və bununla da Rusiya neftinin tam əvəzlənməsini uğurla başa çatdırıb
“Black Sea Petroleum” – Qulevidəki neft emalı müəssisəsi tamamilə qeyri-Rusiya mənşəli xammalın emalına başlayıb
“Black Sea Petroleum” şirkəti bildirir ki, avqustun 23-dən Qulevidə yerləşən neft emalı müəssisəsi tamamilə qeyri-Rusiya mənşəli xammalın emalına başlayıb. Bu barədə şirkətin yaydığı açıqlamada qeyd olunur.
Şirkətin məlumatına görə, Rusiya neftinin əvəzlənməsi prosesi uğurla başa çatdırılıb.
“Avqustun 23-dən “Black Sea Petroleum” MMC-nin Qulevi neft emalı müəssisəsi tamamilə qeyri-Rusiya mənşəli xammalın emalına başlayıb. Bununla da şirkət Rusiya neftinin əvəzlənməsi prosesini uğurla tamamlayıb.
Bundan əvvəl keçid dövrü olub. İyul ayında və avqustun ilk üç həftəsində müəssisə Rusiya nefti ilə yanaşı, Qazaxıstanın xam neftini də emal edib.
Avqustun 30-da Qulevi limanına KRITI LEGEND gəmisi daxil olub. Gəmi BSP üçün ilk partiya Liviya xam nefti gətirib. Təxminən 90 min tonluq yük iyulun 3-də imzalanmış uzunmüddətli müqavilə çərçivəsində tədarük olunub.
Beləliklə, “Black Sea Petroleum” tərəfindən iyulun 1-də və 31-də açıqlanan xammalın diversifikasiyası planı uğurla həyata keçirilib”, – deyə şirkətin açıqlamasında bildirilir.
İyul ayında məlum olub ki, Qulevidə yerləşən neft emalı zavodu Avropa İttifaqının 21-ci sanksiyalar paketinə daxil edilib. Sanksiyaların qüvvəyə minməsi üçün altı aylıq müddət müəyyənləşdirilib.
Daha sonra Avropa Komissiyasının sözçüsü Şivon Makqar bildirib ki, altı aylıq möhlətin məqsədi zavodun sahiblərinə Rusiya neftindən diversifikasiya etmək imkanı verməkdir.
“Biz öhdəliklərin yerinə yetirilməsini istəyirik. Məhz buna görə altı aylıq möhlət verdik ki, zavodun sahibləri Rusiya neftindən diversifikasiya edə bilsinlər. Komissiya öhdəliklərin yerinə yetirildiyini müəyyən edərsə, Qulevi sanksiyalar siyahısında olmayacaq”, – deyə sözçü bildirib.