Birləşmiş Krallıq sanksiya siyahısına Gürcüstanın daha dörd vətəndaşını salıb
Birləşmiş Krallıq sanksiya siyahısına Gürcüstanın daha dörd vətəndaşını salıb. Sanksiya tətbiq edilmiş şəxslərin yenilənmiş siyahısı Birləşmiş Krallığın Xəzinə Departamentinin veb səhifəsində dərc olunub.
Baş prokuror Qiorqi Qabitaşvili, daxili işlər nazirinin müavini Şalva Bedoidze, Xüsusi Tapşırıqlar Departamentinin direktor müavini Mirza Kezevadze və Xüsusi İstintaq Xidmətinin rəhbəri Karlo Katsitadze sanksiya tətbiq edilmiş şəxslər arasındadır.
Dırnaqarası “Qara siyahı”ya şəxsin salınması o deməkdir ki, sözügedən şəxslərə qarşı maliyyə sanksiyaları tətbiq olunacaq, yəni onların maliyyə aktivləri və iqtisadi resursları dondurulacaq. Bununla yanaşı, qeyd olunan şəxslərlə maliyyə fəaliyyəti qadağan olunur, sanksiyaların pozulması və ya onlardan yayınmaq isə cinayət hesab ediləcək.
Bəyanatda qeyd olunub ki, insan hüquqlarının qlobal sanksiya tənzimləmələri “Sanksiyalar Aktı” çərçivəsində tərtib edilib (2018-ci ilin Sanksiyalar və Çirkli Pulların Yuyulması ilə Mübarizə Qanunu əsasında) və maliyyə sanksiyalarının tətbiqini nəzərdə tutur, konkret olaraq, vəsaitlərin dondurulmasını.
Məlumat üçün bildirək ki, Birləşmiş Krallıq 2024-cü ilin dekabrın 19-da Vaxtanq Qomelauri, Sulxan Tamazaşvili, Mileri Laqazauri, Zviad Xarazişvili və Aleksandre Daraxvelidzeni sanksiya tətbiq edilmiş şəxslərin siyahısına salıb. 2025-ci ilin aprelin 2-də isə Mixeil Çinçaladze və Levan Murusidze sanksiya tətbiq edilmiş şəxslərin siyahısına əlavə edilib.