Birləşmiş Ərəb Əmirlikləri Səudiyyə Ərəbistanı ilə böhran fonunda qalan qüvvələrini Yəməndən çıxaracaq
Birləşmiş Ərəb Əmirlikləri Səudiyyə Ərəbistanı ilə böhran fonunda qalan qüvvələrini Yəməndən çıxaracaq. Bu qərarın qəbulundan bir neçə saat əvvəl, Səudiyyə Ərəbistanının rəhbərliyi ilə koalisiya qüvvələri Cənubi Yəmənin Mukala limanına hücum ediblər. Ər-Riyadın Birləşmiş Ərəb Əmirliklərinə silah daşınması ilə əlaqəli olduğunu iddia etdiyi hava hücumu, iki Fars Körfəzi monarxiyası arasında artan anlaşılmazlıq fonunda ən əhəmiyyətli eskalasiya idi.
Küveyt və Bəhreyn də daxil olmaqla Fars Körfəzinin bir neçə ölkəsi dialoqu gücləndirmək və siyasi həll yoluna nail olmaq üçün istənilən səyi dəstəklədiklərini bəyan edib. Qətər isə Səudiyyə Ərəbistanının və digər Fars Körfəzi ölkələrinin təhlükəsizliyinin “onun təhlükəsizliyinin ayrılmaz hissəsi” olduğunu bəyan edib.
Medianın məlumatına əsasən, cari ayın əvvəlində yəmənli separatçıların hücumu Birləşmiş Ərəb Əmirliklərinin dəstəklədiyi “Cənub Keçid Şurası” ilə Səudiyyə Ərəbistanının dəstəklədiyi Yəmənin hökumət qüvvələri arasında qarşıdurmaya səbəb olub, bu da iki ölkəni tammiqyaslı qarşıdurmaya heç vaxt olmadığı qədər çox yaxınlaşdırıb.
Məlumat üçün bildirək ki, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Misir, İordaniya, Mərakeş və Sudan Səudiyyə Ərəbistanının rəhbərliyi ilə yaradılmış koalisiyanın üzvləridir.