Bir gecə ərzində Berlin və Şimali Reyn-Vestfaliya əyalətində elektrik yarımstansiyaları ilə bağlı iki insident baş verib
Almaniya mediasının məlumatına görə, sentyabrın 7-nə keçən gecə Berlinin Mitte rayonunda tikinti sahəsində baş verən yanğın qonşuluqdakı elektrik yarımstansiyasına keçib. Partlayış da baş verib. Yanğının söndürülməsinə Berlin Yanğınsöndürmə Xidmətinin 25 əməkdaşı cəlb olunub.
Yanğınsöndürmə xidmətinin nümayəndəsinin sözlərinə görə, naməlum şəxslərin tikinti sahəsindən keçərək yarımstansiyanın ərazisinə daxil olması istisna edilmir. Hələlik yanğının texniki nasazlıq səbəbindən baş verdiyi, yoxsa qəsdən törədildiyi məlum deyil. Polisin məlumatına görə, elektrik enerjisinin verilməsi dayandırılmayıb.
Bundan əlavə, sentyabrın 6-da axşam saatlarında Şimali Reyn-Vestfaliya federal torpağının Vezzel şəhərində yerləşən “Niederrhein” yarımstansiyasının yaxınlığında böyük polis dəstəsi görünüb. Hüquq-mühafizə orqanlarının əməkdaşları enerji konserni RWE-yə məxsus obyektin ərazisini mühasirəyə alıblar.
Əməliyyat zamanı əməkdaşlar hasarda dəlik aşkar ediblər.
Hər iki insident Almaniyanın enerji infrastrukturuna qarşı hücumlar silsiləsinin fonunda baş verib.