“Bild” – Sorğuya əsasən, almanların 58%-i növbədənkənar seçkilərin keçirilməsini tələb edir
INSA tədqiqat institutu tərəfindən aparılan sorğuya əsasən, almanların 58%-i növbədənkənar seçkilərin keçirilməsini tələb edir. Bu barədə məlumatı “Bild” yayır.
Tədqiqata əsasən, rəyi soruşulanların yalnız 26%-i kansler Fridrix Mertsin Xristian-Demokrat İttifaqı (CDU) və “Sosial-Demokrat Partiyası” (SPD) koalisiyasının 2029-cu ilə qədər hakimiyyətdə qalmasını istəyir.
Bununla yanaşı, “2025-ci ildə dəstəklədiyiniz eyni partiyaya yenidən səs verərdinizmi?” sualına fikri soruşulanların 59%-i müsbət cavab verib, 25%-i isə səslərini başqa partiyaya verəcəklərini bildirib.
Alman mediasının yazdığı kimi, sorğunun nəticələri respondentlərin partiya simpatiyalarına əsasən əhəmiyyətli dərəcədə fərqlənir. “Xristian-Demokrat İttifaqı” tərəfdarlarının 60%-i və “Sosial Demokratlar”ın seçicilərinin 50%-i hesab edir ki, Fridrix Merts 2029-cu ilə qədər hakimiyyətdə qalmalıdır. Bununla yanaşı, digər partiyaların tərəfdarlarının əksəriyyəti növbədənkənar seçkilərin keçirilməsini dəstəkləyir.
INSA tərəfindən tədqiqat 13 noyabrdan 16 noyabradək olan dövrdə onlayn rejimdə keçirilib. Sorğuda ümumilikdə 1 790 nəfər iştirak edib.