Bidzina İvanişvili ABŞ səfirliyinin bəyanatına cavab verir - Şəxsi şantaj fonunda səfirlə görüşü və dövlət məsələləri haqda danışmağı yanlış hesab edirəm
Bidzina İvanişvili ABŞ səfirliyinin bəyanatına cavab verir - Şəxsi şantaj fonunda səfirlə görüşü və dövlət məsələləri haqda danışmağı yanlış hesab edirəm

 

Şəxsi şantaj fonunda səfirlə görüşü və dövlət məsələləri haqda danışmağı yanlış hesab edirəm – bu barədə “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvilinin bəyanatında deyilir.

İvanişvili ABŞ səfirliyinin bugünkü bəyanatına münasibət bildirir.

“Bu gün ABŞ-nin Gürcüstandakı səfirliyinin mayın 22-də “Tramp administrasiyası”nın mesajını dinləməli olduğum Amerikanın səfiri ilə görüşdən imtina etdiyim barədə bəyanatı yayıldı. Bu bəyanat mənim üçün anlaşılmazdır, çünki səfirlik bu məsələ ilə bağlı bütün detalları çox yaxşı bilir.

Təsdiq edirəm ki, bir neçə gün əvvəl Gürcüstanın Baş naziri və hakimiyyətin digər vəzifəli şəxsləri ilə ABŞ səfirliyinin görüşlə bağlı ünsiyyəti həqiqətən baş tutub. Amerikanın səfiri Gürcüstanın Baş nazirinə xəbər verib ki, mənimlə görüşmək və “dövlət katibi Rubionun mesajını” çatdırmaq istəyir. Bununla əlaqədar mən dərin hörmətimi ifadə etdim, lakin görüşdən imtina etdim.

Amerika tərəfi ilə görüşlərdən imtina etməyimin səbəbini əvvəllər də açıq şəkildə izah etmişəm və bu səbəb hələ də dəyişməyib. Xatırladım ki, şəxsi şantaj şəraitində mənə qarşı yalnız qeyri-rəsmi sanksiyaların tətbiq olunduğu keçən il cənab O’Brayenlə də görüşdən imtina etdim. Ondan əvvəl də bir neçə dəfə görüş təklifi almışam və həmin vaxt da eyni səbəbdən imtina etmişəm, bu barədə əvvəlki administrasiyaya dəfələrlə yazılı şəkildə izah etmişəm.

Əvvəlki administrasiyanın dövründən bu yana, Amerika tərəfi mənə əvvəl qeyri-rəsmi, sonra isə rəsmi sanksiyalar tətbiq etdi. (Mənə qarşı qeyri-rəsmi sanksiyalar çox kobud formada tətbiq olunur. Məsələn, İsveçrənin “Julius Baer” bankı, bu vəsaitlərə heç bir rəsmi sanksiya tətbiq olunmamasına baxmayaraq, məhkəmə yolu ilə qazandığım vəsaitləri qaytarmaqdan təkəbbürlə imtina edir, bu məsələdə amerikalı vəkillər də iştirak edir)

Bu cür şəxsi şantaj fonunda səfirlə görüşü və dövlət məsələləri haqda danışmağı yanlış hesab edirəm. Bu vaxt mütləq kompleks yaşayacağam ki, dövlət məsələlərinə dair qərarları şəxsi maraqlarıma qarşı tarazlıq yaratmaq üçün verirəm, bu isə mənim üçün prinsipcə qəbuledilməzdir. Bu kompleks məndə, hətta razılaşmanın hər iki tərəf üçün faydalı ola biləcəyinə dair hiss olacağı zaman da qalacaq. Bundan əlavə, bu kompleks təkcə özümlə deyil, həm də komandamla və cəmiyyətlə münasibətimdə də qalacaq.

Xüsusilə vurğulamaq istəyirəm ki, nə 2012-ci ildə, nə də 10 il sonra məhz dövlət maraqları naminə şəxsi maraqlarımı böyük risk altına qoyduğum 2022-ci ildə şəxsi maraqlarımı dövlət maraqlarından üstün tutmuşam.

Onu da xatırladım ki, keçən ilin payızında qeyri-rəsmi sanksiyaların tətbiqi qısa müddətə dayandırılarkən və müəyyən vəsaitlər azad edilərkən, mən özüm Amerikanın səfirinə görüş təklif etdim, o da əvvəlcə razılaşdı, lakin görüşü bir neçə dəfə təxirə saldı və sonra ümumiyyətlə imtina etdi.

Gürcü-Amerika münasibətlərinin yenidən başlamasında o qədər maraqlıyam ki, Amerika tərəfinə hətta onu da bildirdim ki, bloklanmış vəsaiti şəxsi məqsədlər üçün yox, onların diktə etdiyi istənilən təyinatla xərcləməyə hazır idim, çünki pul mənim üçün əvvəl də maraqlı olmayıb, indi də deyil. Aydın şəkildə izah etdim ki, bloklanmış vəsait mənə bir tərəfdən kompleks, digər tərəfdən isə şantaj altında nəsə qərar qəbul etməmək hissi yaradır. Lakin buna heç bir cavab almadım. Müvafiq olaraq, mənim üçün aydın oldu ki, Bayden administrasiyasını mənim vəsaitim yox, sadəcə bu vəsaitlə şantaj etmək maraqlandırır.