Beynəlxalq Valyuta Fondunun missiyası – Gürcüstan Milli Bankının ehtiyatların toplanmasına dair yanaşması bazar etimadına və məzənnə çevikliyinə dəstək verir
Gürcüstan Milli Bankının beynəlxalq valyuta ehtiyatlarının toplanmasına dair mövcud yanaşması ölkənin xarici şoklara qarşı dayanıqlığının gücləndirilməsi məqsədinə uyğundur, bazar etimadına və məzənnə çevikliyinə dəstək verir – bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) missiyasının Gürcüstana səfərinin başa çatmasından sonra dərc olunmuş press-relizdə deyilir.
Beynəlxalq Valyuta Fondunun qiymətləndirməsinə əsasən, Gürcüstanın xarici mövqeyi əhəmiyyətli dərəcədə güclənib, ölkənin beynəlxalq valyuta ehtiyatları isə cari ilin oktyabr ayının sonuna 8.2 milyard ABŞ dollarına yüksəlib.
Bununla yanaşı, Valyuta Fondu qeyd edir ki, Gürcüstan Milli Bankı güclü cari hesab balansı və əhəmiyyətli maliyyə daxilolmaları fonunda xarici valyuta alışını bazarda mövcud əlverişli şəraitdən irəli gələrək davam etdirir.
Missiyanın bəyanatına əsasən, 2026-cı ilin birinci yarısında Gürcüstanın cari hesab kəsiri ÜDM-in 2.5%-nə qədər azalıb, bunu da informasiya texnologiyaları sektorunun güclü ixrac göstəriciləri və ümumi idxalın daha az intensiv artımı şərtləndirib.
“Gürcüstanın xarici mövqeyi əhəmiyyətli dərəcədə güclənib. İnformasiya texnologiyaları sektorunun güclü ixracı və ümumi idxalın daha az intensiv artımı səbəbindən 2026-cı ilin birinci yarısında cari hesab kəsiri ÜDM-in 2.5 faizinə qədər azalıb. Gürcüstan Milli Bankının güclü cari hesab balansı və böyük maliyyə axınları şəraitində imkan yarandıqca xarici valyuta alışını davam etdirməsi nəticəsində ölkənin ümumi beynəlxalq valyuta ehtiyatları əhəmiyyətli dərəcədə artıb və oktyabrın sonuna 8.2 milyard ABŞ dollarına yüksəlib.
Ehtiyatların toplanmasına dair mövcud yanaşma xarici şoklara qarşı dayanıqlığın artırılması məqsədinə uyğundur, bazar etimadına və valyuta məzənnəsinin çevikliyinə dəstək verir” – Beynəlxalq Valyuta Fondunun missiyasının bəyanatında deyilir.
Qeyd edilməlidir ki, Alexandro Hajdenberqin rəhbərlik etdiyi Beynəlxalq Valyuta Fondunun missiyası 9-13 noyabr tarixlərində Gürcüstanda səfərdə olub və səfər çərçivəsində ölkənin iqtisadi və maliyyə vəziyyətini, islahatlar istiqamətində əldə olunan irəliləyişi qiymətləndirib.
Məlumatı Gürcüstan Milli Bankı yayır.