Beynəlxalq dənizçilik və logistika portalı “Splash247”: Anaklia limanı Avropa, Mərkəzi Asiya və Çini Qara və Xəzər dənizləri vasitəsilə birləşdirən Orta Dəhlizin yeni qapısı kimi inkişaf edir
Beynəlxalq dənizçilik və logistika portalı “Splash247”: Anaklia limanı Orta Dəhlizin yeni qapısı kimi inkişaf edir
“Gürcüstanın Anaklia dərin dəniz limanında dibdərinləşdirmə işlərinə başlanılıb” – beynəlxalq dənizçilik və logistika portalı “Splash247” bu başlıqla məqalə dərc edib.
Məqalədə qeyd olunur ki, Anaklia dərin dəniz limanının tikintisi yeni mərhələyə keçib. Belə ki, “Jan De Nul” şirkətinin iki dibdərinləşdirici gəmisi giriş kanalında və dönmə hovuzunda işlərə başlayıb.
“Anaklia limanı Gürcüstanın Qara dəniz sahilində Orta Dəhlizin, yəni Qara və Xəzər dənizləri vasitəsilə Avropa, Mərkəzi Asiya və Çini birləşdirən ticarət marşrutunun yeni qapısı kimi inkişaf edir.
Layihənin məqsədi Rusiya və Süveyş kanalı marşrutlarından asılılığı azaltmaqla yanaşı, Gürcüstanın konteyner, quru səpinti və digər növ yüklərin daşınması üzrə ötürmə qabiliyyətini əhəmiyyətli dərəcədə artırmaqdır.
Birinci mərhələnin 2029-cu ildə başa çatdırılması planlaşdırılır. Bu zaman limanın illik ən azı 600 min TEU (20 futluq ekvivalent vahid) yük emal edəcəyi gözlənilir.
İkinci mərhələdə isə 2035-ci ilədək limanın ötürmə qabiliyyətinin ən azı 1 milyon TEU-ya çatdırılması nəzərdə tutulur.
“Jan De Nul” Orta Dəhlizlə əlaqəli digər liman layihələrində də iştirak edir. Bunlara Qazaxıstanda Kurık limanının genişləndirilməsi və Türkiyənin Mersin limanında aparılan dibdərinləşdirmə işləri daxildir”, – iqtisadiyyat nazirliyinin yaydığı məqalədə qeyd olunur.