Bərpa işləri prosesində, təhlükəsizlik səbəbilə metronun “Varketili” stansiyası iyulun 12-dən 45 gün müddətinə bağlanacaq
Paytaxtın meri Kaxa Kaladzenin bəyanatına əsasən, zəruri bərpa işlərinin aparılması ilə əlaqədar olaraq, metronun “Varketili” stansiyası iyulun 12-dən 45 gün müddətinə bağlanacaq.
Kaxa Kaladzenin Tbilisi Munisipalitetinin hökumətinin iclasında qeyd etdiyi kimi, bərpa layihəsi MMC “Probuild Expert” tərəfindən xarici mütəxəssislərin iştirakı ilə hazırlanıb.
“Bildiyiniz kimi, metronun “Varketili” stansiyasının yenidən qurulması və əsaslı təmir işləri müəyyən müddət ləngidi. Bu ləngimənin əsas səbəbi, stansiyanın gözləmə platformasının tavanındakı asbest-sement lövhələrin sökülməsi nəticəsində, birbaşa dəmir-beton tağ konstruksiyasının dayanıqlığına dair əlavə tədqiqatların aparılması zərurəti idi, bu isə Levan Samxarauli adına Məhkəmə Ekspertizası Milli Bürosu tərəfindən tələb olunmuşdu.
Tələb olunan tədqiqatlar çərçivəsində əlavə olaraq həyata keçirildi: gözləmə zalının dəmir-beton tağının bütün səthində beton və armaturun vəziyyətinin laboratoriya tədqiqatı; tağın o biri tərəfindəki məkanların tam geotexniki skan edilməsi; eskalator tunelində çuqun bərkitmə detallarının vəziyyətinin öyrənilməsi və s.; Tədqiqatların nəticələrinə əsasən dəmir-beton konstruksiyaların bərpası layihəsi hazırlanıb və aşağıdakı əsas işləri əhatə edir: tavanın korroziyaya uğramış/zədələnmiş səthlərinin təmizlənməsi və işlənməsi; tağın o biri tərəfindəki boşluqların müvafiq texniki məhlullarla doldurulması/bərkidilməsi; yeraltı suların sızmasının qarşısını almaq məqsədilə tağın temperatur qovşaqlarının/tikişlərinin hermetizasiyası. Maili eskalator tunelində çuqun bərkitmə detallarının bərpası” – Tbilisinin meri bildirib.
O deyib ki, sözügedən stansiyanın bütün bərpa işlərinin noyabr-dekabr aylarında başa çatdırılması planlaşdırılıb.
“Layihə ilə sərnişindaşıma şəraitində həyata keçirilməsi imkansız olan kifayət qədər genişmiqyaslı işlərin xüsusi texnoloji prosesə əməl etməklə həyata keçirilməsi nəzərdə tutulub. Müvafiq olaraq, dəmir-beton tağda və eskalator tunelində əlavə bərpa işlərinin müddətini minimuma endirmək üçün metronun “Varketili” stansiyasını iyulun 12-dən 45 gün müddətinə bağlamaq qərarını qəbul etdik. Təhlükəsizliyə görə stansiyanın 45 gün bağlı olması lazımdır” – Kaxa Kaladze qeyd edib.