Berlində Fələstinə dəstək aksiyasında nümayişçilərlə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma baş verib, polis 30-dan çox insanı saxlayıb
Berlində Fələstinə dəstək aksiyasında nümayişçilərlə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma baş verib, polis 30-dan çox insanı saxlayıb.
Aksiya “HƏMAS” tərəfindən İsrailə edilmiş hücumun üçüncü ildönümündə keçirilib.
Alman “Spiegel” nəşrinin məlumatında, nümayişçilərin əksəriyyətinin gənc qadınlar və kişilər olduğu deyilir. Aksiyanın iştirakçıları əllərində Fələstin bayraqları və müxtəlif məzmunlu plakatlar tutublar. Nümayiş zamanı “Fələstin” və “Yeganə çıxış yolu inqilabdır” da daxil olmaqla müxtəlif şüarlar səsləndirilib.
Polis nümayəndəsinin bəyanatına əsasən, aksiyada təxminən 700 nəfər iştirak edib. Nümayişçilər arasında isveçli ekofəal Qreta Tunberq də olub.
Aksiya zamanı nümayişçilərlə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma baş verib. Polis 30-dan çox insanı, xüsusən də qadağan olunmuş rəmzlərdən, o cümlədən “HƏMAS” terror təşkilatı ilə bağlı rəmzlərdən istifadə etdiklərinə görə saxlayıb.