Berdia Sicinava - Bu gün hakim Gürcüstanın milli maraqlarına qarşı addım atdı, Qaxarianın işi Sxinvalinin marionet rejiminin istifadə edəcəyi presedent olacaq
Berdia Sicinava - Bu gün hakim Gürcüstanın milli maraqlarına qarşı addım atdı, Qaxarianın işi Sxinvalinin marionet rejiminin istifadə edəcəyi presedent olacaq

 

Prokurorlara da, hakimlərə də xatırlatmaq istəyirəm ki, bu ölkənin torpağının bir qarışı belə itirilmiş hesab edilə bilməz, bu haqda danışmaq belə milli maraqlara zərər vurulmasıdır və təhlükə daşıyır – bu haqda “Qaxaria Gürcüstan Naminə” partiyasının lideri Qiorqi Qaxarianın vəkili Berdia Sicinava məhkəmə prosesi başa çatdıqdan sonra jurnalistlərə deyib.

Onun sözlərinə əsasən, hakim Gürcüstanın milli maraqlarına qarşı addım atıb, bu, Gürcüstanın milli maraqlarına davamlı, dönməz şəkildə zərər vurulmasıdır.

“Hakim Gürcüstanın milli maraqlarına qarşı addım atdı. Həbs qətimkan tədbirinin tətbiqi gözləntisi, əlbəttə bizdə var idi. Axı bizim Ğvarğvare Tutaberidən fərqli ədalət mühakiməsi sistemimiz yoxdur və ya bizi başqa insan idarə edir. Bu, ədalət mühakiməsində qərar qəbul edən bir sistemdir, bir boltun iki hissəsidir. Bu, əvvəldən axıra qədər siyasi elementlərlə dolu işdir. Hüquqi proseslər, arqumentlər, sübutlar haqqında söhbət belə getmir. Sübuta yetirilmiş fərziyyə standartı deyil, Qiorqi Qaxarianın günahkar olduğuna obyektiv bir insanı hər hansı bir şəkildə inandıra biləcək faktiki sübutlar yoxdur” – Berdia Sicinava bildirib.

O deyib ki, Qiorqi Qaxariaya qarşı deyil, Gürcüstana qarşı dava aparırlar.

“Bu iş Sxinvalinin marionet rejiminin istifadə edəcəyi presedent olacaq. Bu, Gürcüstanın milli maraqlarına zərər vurulması olacaq. Hakimin həbs cəzası verəcəyi aydın idi. Guya məşvərətə çıxması və bundan sonra nəsə qərar verməsi sirk idi. Protokolu tələb etməliyik, çünki əsaslandırma hissəsini görə bilmədik. Ümid edirəm ki, qərarda daha ətraflı bəhs olunacaq. Əsas vurğunu, guya, gizlənmə təhlükəsinə yönəldiblər, halbuki prokurorluq bu iş ilə əlaqədar Qiorqi Qaxarianı bir dəfə belə olsun ifadə verməyə çağırmayıb. Qiorqi Qaxarianın iki dəfə parlamentin istintaq komissiyasına getməsi, 20 iyun işi üzrə iki dəfə dindirilməsi fonunda, gizlənmə təhlükəsi ilə bağlı söhbət tənqidə dözə bilmir” – Berdia Sicinava bildirib.

O, müdafiə tərəfinin Qiorqi Qaxariaya bəraət qazandıran dəlillər tapacağını deyib.

“İşdə olan dırnaqarası sübut kimi təqdim edilən uydurma, çirkli böhtanlar obyektiv məhkəmə şəraitində toza çevriləcək, lakin bu məhkəmə şəraitində xüsusi gözləntilərimiz yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edə bilmək üçün daxili dövlət mexanizmlərini tükətməliyik. Bu gün baş verənlər Gürcüstanın milli maraqlarına davamlı, dönməz şəkildə zərər vurulmasıdır. Hakim bu gün ərazinin itirilib və ya itirilməməsi məsələsinin əsaslı müzakirə məsələsi olduğundan danışırdı. Prokurorlara da, hakimlərə də xatırlatmaq istəyirəm ki, bu ölkənin torpağının bir qarışı belə itirilmiş hesab edilə bilməz. Bu haqda danışmaq belə milli maraqlara zərər vurulmasıdır və təhlükə daşıyır” – Berdia Sicinava bildirib.

Tbilisi Şəhər Məhkəməsi Çorçana işi üzrə “Qaxaria Gürcüstan Naminə” partiyasının sədri Qiorqi Qaxaria barəsində həbs qətimkan tədbiri seçib.