Benyamin Netanyahu - Suriyada atəşkəs xahişlə deyil, güc yolu ilə əldə olunmuşdu
Benyamin Netanyahu - Suriyada atəşkəs xahişlə deyil, güc yolu ilə əldə olunmuşdu

 

İsrailin Baş naziri Benyamin Netanyahu Suriyada atəşkəsin xahişlə deyil, güc yolu ilə əldə olunduğunu bildirib.

Bu barədə Benyamin Netanyahu videomüraciətində deyib.

O bildirib ki, İsrail tələb edir ki, Dəməşqin cənubundakı ərazi, Qolan təpələrindən Dürzi dağlarınadək demilitarizasiya olunsun və bu, İsrail üçün Suriya hökumətinin keçdiyi qırmızı xəttdir.

“Biz aydın siyasət müəyyən etmişik. Dəməşqin cənubundakı ərazinin, Qolan təpələrindən Dürzi dağlarınadək demilitarizasiya olunması, bizim üçün bu qırmızı xəttdir, bu bir. İkinci xətt isə Dürzi dağlarında olan qardaşlarımız – druzların müdafiəsidir. Dəməşqin cənubuna hərbi qüvvələrin göndərilməsinə icazə verməyəcəyik, druzlara zərər vurulmasına icazə verməyəcəyik” – Benyamin Netanyahu bildirib.

O, Suriya rejiminin hər iki qırmızı xətti keçdiyini bildirib.

“Atəşkəs güc yolu ilə əldə olunub. Xahiş və müraciətlər vasitəsilə deyil, güc yolu ilə əldə olunub. Biz lazım olan kimi hərəkət etmişik və hərəkət edəcəyik” – İsrailin Baş naziri bildirib.

Məlumat üçün bildirək ki, iyulun 16-da İsrail Dəməşqdə yerləşən Suriya Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin Baş Qərargahının binalarını bombalayıb. Həmçinin, İsrail aviasiyası Suriyanın Prezident Sarayına zərbə endirib.

İsrailin hava hücumları Suriya hökumət qüvvələrinin druzların məskunlaşdığı Suveyda rayonunun inzibati mərkəzinə daxil olmasından sonra həyata keçirilib. İsrail Suriya hökumət qüvvələrinin druzları edam etdiyini iddia edir.

İsrailin hava hücumlarından sonra Suriya hökuməti hərbi qüvvələrini Suveydadan çıxarıb.

Bununla yanaşı, Suriya hökuməti bəyan edib ki, Suriyanın suverenliyi və ərazi bütövlüyü qorunmalıdır.