Benyamin Netanyahu: İranla razılaşmanın əldə olunacağına ümid etmirəm

16:10, 26.08.2026

İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, ABŞ Prezidenti Donald Trampla iyul ayında Vaşinqtonda keçirilən görüş zamanı İranla bağlı üç mümkün variantı müzakirə edib: diplomatik razılaşma, hərbi əməliyyat və İrana təzyiqin gücləndirilməsi.
Netanyahunun sözlərinə görə, görüş zamanı o, Trampla Tehranla “yaxşı razılaşma” əldə etməyin mümkünlüyünə şübhə etdiyini bildirib.
“Əlbəttə, razılaşma əldə edə bilərsiniz. Biz yaxşı razılaşmanın əldə edilməsinin əleyhinə deyilik, amma oradakı vəhşilərlə razılaşma əldə edə biləcəyinizə şübhə edirəm. Sizə deyirəm: razılaşma əldə edə bilməyəcəksiniz”, – Netanyahu bildirib.
Onun sözlərinə görə, Trampla müzakirə etdiyi ikinci variant hərbi əməliyyat olub.
Netanyahu bildirib ki, İsrail İran tərəfindən hücuma məruz qalacağı təqdirdə özünü mütləq müdafiə edə biləcək.
“Biz İranın bizə hücum etməsinə imkan verməyəcəyik. Əgər onlar bizə hücum etsələr, indiyədək aldıqlarından və təsəvvür edə biləcəklərindən qat-qat güclü zərbə alacaqlar”, – İsrailin Baş naziri qeyd edib.
Netanyahunun sözlərinə görə, Trampla söhbət zamanı üçüncü variant – İrana təzyiqin artırılması da müzakirə olunub.
“Mən ona dedim: üçüncü variant var – mühasirəni sərtləşdirmək. Qərar sizin seçiminizdir”, – Netanyahu deyib.
İsrailin Baş naziri “təzyiqin sərtləşdirilməsi” dedikdə konkret olaraq sanksiyaları nəzərdə tutduğunu birbaşa söyləməyib. Lakin onun sözlərinə görə, ABŞ-ın İrana qarşı yeni sanksiyalar tətbiq etməsi məhz bu strategiyanın bir hissəsidir.
Netanyahu bildirib ki, Trampın addımı İranın özünə birbaşa təzyiq göstərməklə yanaşı, Tehran hakimiyyətinə yardım edən şəxslərə və qurumlara qarşı da yönəlib.
“Prezident Tramp İrana təzyiqi gücləndirib – təkcə İranın özünə təzyiqi artırmaqla deyil, bu rejimə, bu dəhşətli diktaturaya yardım edən şəxslərə və təşkilatlara qarşı tədbirləri sərtləşdirməklə. Bu, çox vacibdir”, – Netanyahu bildirib.

Oxşar