Benyamin Netanyahu – “Hizbullah”ın imkanlarını azaltdıq, Nasralanın əvəzediciləri də daxil olmaqla minlərlə terrorçunu məhv etdik, bu gün o, son illər ərzində olduğundan daha zəifdir
İsrailin Baş naziri Benyamin Netanyahu, İsrailin qüvvələrinin “Hizbullah”ın lideri Hasan Nasralanın ehtimal edilən əvəzedicilərini öldürdüyünü bildirib.
Netanyahu Livan xalqına müraciətində qeyd edib ki, Livanı İsrail deyil, İran işğal edib və “Hizbullah” onu öz hərbi bazasına çevirib.
“Livanı faktiki olaraq işğal edən ölkə İsrail deyil. İranın maraqlarına xidmət etməsi üçün Livanın hesabına “Hizbullah”ı maliyyələşdirən və silahlandıran İrandır. “Hizbullah” Livanı sursat və silah anbarına, İranın hərbi bazasına çevirdi. Biz “Hizbullah”ın imkanlarını azaltdıq, Nasralanın əvəzedicisi və onun əvəzedicisinin əvəzedicisi də daxil olmaqla minlərlə terrorçunu məhv etdik. Bu gün “Hizbullah” son illər ərzində olduğundan daha zəifdir” – Netanyahu video müraciətində qeyd edib.
Bununla yanaşı, İsrailin Baş naziri Livan xalqını ölkəni “Hizbullah”dan “geri qaytarmağa” çağırıb.
“İndi siz, Livan xalqı, mühüm yol ayrıcında dayanırsınız. İndi siz ölkənizi geri qaytara bilərsiniz. Əgər bunu etməsəniz, “Hizbullah” sıx məskunlaşılan ərazilərdən sizin hesabınıza İsraillə döyüşməyə davam edəcək. Mən sizi, Livan xalqını bu müharibənin bitməsi üçün ölkənizi “Hizbullah”dan azad etməyə çağırıram” – Benyamin Netanyahu bildirib.