Benyamin Netanyahu - "HƏMAS" tələblərimizlə razılaşarsa, müharibə elə indi bitə bilər, silahları yerə qoyun, girovları azad edin, əks halda, İsrail təqibi dayandırmayacaq
Benyamin Netanyahu - "HƏMAS" tələblərimizlə razılaşarsa, müharibə elə indi bitə bilər, silahları yerə qoyun, girovları azad edin, əks halda, İsrail təqibi dayandırmayacaq

 

İsrailin Baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasının tribunasından Qəzzada olan girovlar və “HƏMAS”ın liderlərinə müraciət edib.

Netanyahu girovları evlərinə qaytarmağa söz verib, “HƏMAS”ın üzvlərini isə silahları yerə qoymağa və bütün girovları azad etməyə çağırıb. Benyamin Netanyahu bildirib ki, “HƏMAS” İsrailin şərtləri ilə razılaşarsa, müharibəni elə indi bitirmək olar.

“Cəsur qəhrəmanlarımız, baş nazir Netanyahu Birləşmiş Millətlər Təşkilatından canlı olaraq sizinlə danışır. Biz sizi bir an belə olsun unutmamışıq. İsrail xalqı sizinlədir. Hamınızı evə qaytarana qədər dincəlməyəcəyik və istirahət etməyəcəyik. Xanımlar və cənablar, İsrail kəşfiyyatının xüsusi səyi sayəsində mənim sözlərim indi oraya çatır, Qəzzalıların mobil telefonlarında canlı yayımlanır. Beləliklə, “HƏMAS”ın qalan liderlərinə və girovlarımızı saxlayanlara müraciət edirəm, silahları yerə qoyun, girovları dərhal azad edin — hamısını, 48 girovu. Bunu etsəniz, sağ qalacaqsınız, etməsəniz İsrail sizi təqib etməyi dayandırmayacaq. “HƏMAS” tələblərimizlə razılaşarsa, müharibə elə indi bitə bilər. Qəzza demilitarizasiya ediləcək. İsrail təhlükəsizlik üzərində nəzarəti saxlayacaq, Qəzzalılar və İsraillə birlikdə sülhü dəstəkləyən digərləri tərəfindən dinc mülki hakimiyyət formalaşdırılacaq” – Netanyahu qeyd edib.

Netanyahu bildirib ki, son bir il ərzində İsrail “Husi”lərə zərbə vurub, “HƏMAS”ın terror maşınının əsas hissəsini məhv edib və “Hizbullah”a ciddi ziyan vurub. Həmçinin, Netanyahunun sözlərinə əsasən, ən əsası, İsrail İranın nüvə silahı və ballistik raketlər proqramını məhv edib. İsrailin Baş naziri həmçinin bildirib ki, İsrail Qəzzada “HƏMAS”ın məhv edilməsi işini tamamlayacaq.

“HƏMAS”ın son ünsürləri, son qalıqları Qəzza şəhərinə sığınırlar. Onlar söz verirlər ki, 7 oktyabr qəddarlığını yenidən təkrarlayacaqlar, qüvvələri nə qədər azalsa da. Buna görə İsrail bu işi bitirməlidir. Məhz buna görə biz bunu mümkün qədər tez etmək istəyirik” – Netanyahu qeyd edib.

İsrailin Baş naziri İsrail və ABŞ tərəfindən İrana endirilmiş zərbələrdən də danışıb və bildirib ki, onun hakimiyyəti ABŞ ilə birlikdə İsrail üçün ekzistensial təhlükəni aradan qaldırıb. Netanyahu bildirib ki, İranın nüvə silahına malik olmasına imkan verməməlidirlər, buna görə də Tehrana qarşı BMT-nin sanksiyaları bərpa edilsin.

“Prezident Tramp və mən İranın nüvə silahı yaratmasına icazə verməyəcəyimizə dair söz verdik və biz bu sözü yerinə yetirdik. Biz İsrail üçün ekzistensial təhlükəni və sivil dünya üçün ölümcül təhlükəni aradan qaldırdıq. Milyonlarla insanın həyatına son qoya biləcək qara buludu dağıtdıq. Lakin, ayıq-sayıq qalmalıyıq” – İsrailin lideri qeyd edib.