Beniyamin Netanyahu Qəzza zolağında atəşkəs elan olunması üçün "Həmas"ın şərtlərini qəbuledilməz adlandırır, lakin İsrail yenə də Qətərdə planlaşdırılan danışıqlara nümayəndə heyəti göndərəcək
Beniyamin Netanyahu Qəzza zolağında atəşkəs elan olunması üçün "Həmas"ın şərtlərini qəbuledilməz adlandırır, lakin İsrail yenə də Qətərdə planlaşdırılan danışıqlara nümayəndə heyəti göndərəcək

İsrailin baş naziri Beniyamin Netanyahu Qəzza zolağında atəşkəsin elan olunması üçün Həmas tərəfindən irəli sürülən şərtləri qəbuledilməz adlandırıb, lakin buna baxmayaraq, İsrail Qətərdə keçiriləcək danışıqlara nümayəndə heyətini göndərəcək.

Qəzza zolağında atəşkəsin elan olunması və israilli girovların azad edilməsi ilə bağlı danışıqların növbəti raundu bu gün, 6 iyulda keçirilməlidir. 7 iyulda isə Beniyamin Netanyahu ABŞ-a səfər etməlidir.

Məlumat üçün qeyd edək ki, 4 iyulda Həmas qruplaşması Qəzzada atəşkəslə bağlı yeni təkliflər üzrə danışıqlara hazır olduqlarını açıqlayıb. Həmasın müttəfiqi olan “İslam Cihadı” qruplaşması da danışıqların keçirilməsini dəstəkləyib, lakin tələb edib ki, Qəzzadakı girovlar azad olunduqdan sonra İsrail hərbi əməliyyatları bərpa etməyəcəyinə dair zəmanət versin.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp bildirib ki, Qəzza zolağında atəşkəslə bağlı razılaşma gələn həftə əldə oluna bilər.

Hazırda danışıqların əsas mövzusu beynəlxalq vasitəçilər tərəfindən təqdim olunmuş təklifdir. Bu təklifə görə, atəşkəs 60 gün müddətində qüvvədə olmalı və bu müddət ərzində Həmas Qəzzada hələ də sağ olan 22 israilli girovu azad etməlidir. Qarşılığında isə İsrail bir neçə fələstinli məhbusu azad etməlidir.