Belçika polisi korrupsiya işi üzrə Avropa İttifaqının sabiq ali nümayəndəsi Federika Moqerinini və yüksək vəzifəli məmur Stefano Saninonu saxlayıb
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə sabiq ali nümayəndəsi Federika Moqerini və Avropa Komissiyasının yüksək vəzifəli məmuru Stefano Sanino Belçika polisi tərəfindən korrupsiya işi üzrə saxlanılan üç nəfər arasındadır. Bu haqda məlumatı “Euroactive” yayır.
Stefano Sanino Moqerininin vaxtında Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinin baş katibi postunu tuturdu. Hazırda o, Avropa Komissiyasında Yaxın Şərq, Şimali Afrika və Fars körfəzi Departamentinin baş direktoru vəzifəsini tutur.
“Euroactive” bundan əvvəl Belçika polisinin Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətində və Brüggedə yerləşən “Avropa Kolleci”ndə, eləcə də bir neçə evdə Avropa İttifaqının fondlarının ehtimal olunan məqsədsiz istifadəsi işinin istintaqı çərçivəsində axtarış aparması haqda məlumat yaymışdı.
Media vasitəsinin məlumatına əsasən, iş Brügge Gənc Diplomatlar Akademiyasının maliyyələşdirilməsi ilə bağlıdır.
Federika Moqerini 2020-ci ildən bəri “Avropa Kolleci”nin rektorudur. O, 2014-2019-cu illərdə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi postunu tuturdu, 2022-ci ildən sonra Brügge Akademiyasının direktoru idi.
“Euroactive”in məlumatına əsasən, saxlanılanlar arasında “Avropa Kolleci”nin daha bir əməkdaşı var. Medianın məlumatına əsasən, polis sənədləri müsadirə edib və satınalma fırıldaqçılığı, korrupsiya və maraqların münaqişəsində şübhəli bilinən üç nəfəri saxlayıblar. Şahidlərin dediyinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları bu gün səhər tezdən Avropa İttifaqının xarici işlər qurumuna gediblər. Avropa Komissiyasında Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinin binasında axtarış aparıldığını təsdiqləyirlər.