Bələdiyyə İnkişaf Fondu Qori Munisipalitetinin dörd kəndində uşaq bağçalarının tikintisinə başlayır
Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Bələdiyyə İnkişaf Fondu Qori Munisipalitetinin Sveneti, Mereti, Satemo və Zeğduleti kəndlərində dörd uşaq bağçasının tikintisinə başlayır. Məlumatı İnfrastruktur Nazirliyi yayır.
Onların məlumatında Sveneti, Mereti və Satemo kəndlərindəki bağçaların 50 uşaq, Zeğduleti kəndindəki bağçanın isə 75 uşaq üçün nəzərdə tutulacağı deyilir. Fond tenderdə qalib gələn şirkətlə müvafiq müqavilə bağlayıb.
“Layihələr çərçivəsində Sveneti, Mereti, Satemo və Zeğduleti kəndlərində yeni uşaq bağçaları müasir standartlara uyğun şəkildə tikiləcək. Məktəbəqədər uşaqlar üçün lazımi infrastruktur, o cümlədən uşaqların oyun və istirahət otaqları, mətbəx və açıq hava zonası təşkil olunacaq. Ümumilikdə yeni məktəbəqədər tərbiyə müəssisələri 225 uşağa xidmət göstərəcək.
Layihələrin icrası nəticəsində Qori Munisipalitetinin kəndlərində məktəbəqədər təhsilə əlçatanlıq artacaq və uşaqlar üçün müasir standartlara uyğun, təhlükəsiz və rahat şərait yaradılacaq” – İnfrastruktur Nazirliyinin yaydığı məlumatda deyilir.