Beka Liluaşvili siyasətdən getdiyini bildirir
Beka Liluaşvili siyasətdən getdiyini bildirir

 

“Qaxaria Gürcüstan Naminə” partiyasının üzvü Beka Liluaşvili siyasətdən getdiyini və özəl sektorda fəaliyyətini davam etdirməyi planlaşdırdığını bildirir.

Liluaşvili bu haqda sosial şəbəkədə yazıb.

“İctimai siyasətdə və siyasi fəaliyyətdə keçirdiyim uzun illərdən sonra, Yeni ilin gəlişi ilə birlikdə, həyatımın bu mühüm mərhələsini artıq ictimai şəkildə də bağlayıram və fəaliyyətimi özəl sektorda davam etdirməyi planlaşdırıram.

Gürcüstanın ictimai və siyasi mühitində fəaliyyətim dövründə qazandığım böyük təcrübəyə, məsuliyyətə və etimada görə minnətdaram.

Mənə bu imkanı verən və/və ya mənə dəstəyi hiss etdirən insanlara xüsusi təşəkkür edirəm! Bu illər mənə təsəvvür edə biləcəyimdən daha çox şey öyrətdi – ölkə, insanlar və özüm haqqında.

Peşəkar diqqətim artıq özəl sektora yönəlib: texnologiyalar, rəqəmsal transformasiya, maliyyə və iqtisadiyyat! İnanıram ki, uzunmüddətli və dayanıqlı dəyişikliklər həmçinin güclü şirkətlər qurmaqla və iqtisadi inkişafı bərabərində gətirən sektorları dəstəkləməklə gəlir.

Bu, ictimai maraqlardan imtina etmək demək deyil – bu dəyər hələ də fəaliyyətimin təməl daşı olaraq qalır, hər zaman və hər yerdə dövlətimizin və cəmiyyətimizin maraqları uğrunda mübarizə aparacağam.

Bu yolu birlikdə keçdiyim hər kəsə təşəkkür edirəm. İrəlidə yeni mərhələdir!” – Beka Liluaşvili yazır.