BBC-nin məlumatına görə, Böyük Britaniya kralı Çarlzın qardaşı, Endryu Mauntbaten-Uindsor həbs olunub
Böyük Britaniya kralı Çarlzın qardaşı, Endryu Mauntbaten-Uindsor həbs olunub. Bu barədə məlumatı BBC yayıb.
Mediya xəbər verir ki, kralın qardaşı ictimai vəzifələrdən sui-istifadə ittihamı ilə saxlanılıb.
Temza Vadisi Polisi açıqlayıb:
“İstintaq çərçivəsində Nörfolkdan olan bir kişini ictimai vəzifələrdən sui-istifadə səbəbindən saxlamışıq. Bərkşir və Nörfolk ünvanlarında axtarışlar aparılır. Hazırda şəxs həbsdədir. Milli tövsiyələrə uyğun olaraq saxlanılan şəxsin adını açıqlamırıq. Xahiş edirik, hazırda iş aktiv olduğu üçün hər hansı nəşrdə ehtiyatlı olun, məhkəməyə hörmətsizlik etməyəsiniz.”
Polis saxlanılanın kimliyini açıqlamasa da, mediada yayılan məlumatlara görə, saxlanılan şəxs Endryu Mauntbaten-Uindsordur.
Polisdən əlavə bildirilib: “Biz başa düşürük ki, bu işdə ictimai maraq yüksəkdir və uyğun vaxtda yenilənmiş məlumat təqdim olunacaq.”
Qeyd edək ki, Endryu Mauntbaten-Uindsor illərdir Ceffri Epşteyn ilə dostluğu səbəbindən tənqid olunub. Epşteynlə əlaqəsi ona həm kral ailəsindəki mövqeyinə və tituluna, həm də mülk itirməsinə başa gəlib, lakin Endryu hər zaman hər hansı cinayət törətmədiyini bildirib. Epşteyn işinə dair son açıqlanan sənədlərlə bağlı isə şərh verməyib.
9 fevral tarixində yayılan məlumatlara görə, Endryu Mauntbaten-Uindsor 2010-cu ildə Böyük Britaniyanın rəsmi ticarət sənədlərini Ceffri Epşteynə göndərib. Xarici media yazır ki, ABŞ Ədliyyə Nazirliyinin açıqladığı son sənəd partiyası elektron məktubları əhatə edir və göstərir ki, Endryu Epşteynə Vyetnam, Sinqapur və digər yerlərlə bağlı hesabatlar göndərib. Sənədlər keçmiş şahzadəyə xarici rəsmi səfərləri zamanı təqdim olunan məlumatlardır və gizlilik qaydalarına görə belə hallarda üçüncü tərəflərlə konfidensial və ya kommersiya sənədlərinin paylaşılması qadağandır.