“BBC” – Macarıstan Parlamenti anti-LGBTQ qanunlarını ləğv edib, Budapeşt Avropa İttifaqından fondlarda dondurulmuş 4.2 milyard avronun ayrılmasına razılıq alıb

21:56, 13.10.2026

 

Macarıstan Parlamenti Uşaqların Müdafiəsi haqqında qanuna dəyişikliklərin edilməsinə səs verib, bununla da 2021-ci ildə Viktor Orbanın baş nazirliyi dövründə qəbul edilmiş anti-LGBTQ qanunları ləğv olunub. Qanun layihəsini 139 deputat dəstəkləyib, 51 deputat isə əleyhinə çıxıb.

Medianın məlumatına əsasən, uşaqlar üçün əlçatan olan məzmunda cinsi və gender müxtəlifliyinin “əks etdirilməsi” və ya “təbliğatı” qadağası əvəzinə, yeni qanun 18 yaşadək şəxsləri “uşağın fiziki, intellektual, emosional və ya mənəvi inkişafına ciddi zərər vura biləcək” materiallardan qoruyacaq.

Macarıstanın Baş naziri Peter Madiarın bəyanatına əsasən, Viktor Orban dövründə tətbiq edilən məhdudiyyətlərin Avropa İttifaqının dəyərlərinə zidd olmasından sonra bu dəyişikliklər Macarıstanı Avropa İttifaqının normaları ilə uyğunluğa gətirəcək.

Bununla yanaşı, məlum olub ki, parlamentdəki səsvermədən bir neçə dəqiqə sonra Budapeşt Avropa İttifaqından fondlarda dondurulmuş 4.2 milyard avronu almaq üçün razılıq alıb.

Məlumat üçün bildirək ki, Macarıstanda 2021-ci ildə Uşaqların Müdafiəsi haqqında qanun o zamankı baş nazir Viktor Orbanın “Fidesz” partiyası tərəfindən böyük səs çoxluğu ilə qəbul edilmişdi və “homoseksuallığın və ya transqenderliyin nümayiş etdirilməsini və ya populyarlaşdırılmasını” qadağan edirdi.

Oxşar