“BBC”: Böyük Britaniyada 16-17 yaşlı yeniyetmələr üçün gecə saatlarında sosial mediadan istifadəyə “komendant saatı” tətbiq edilməsi planlaşdırılır
Böyük Britaniya hökuməti 16-17 yaşlı yeniyetmələr üçün gecə saatlarında sosial mediadan istifadəyə “komendant saatı” tətbiq etməyi planlaşdırır.
“BBC”nin məlumatına görə, plana əsasən, Instagram, TikTok və YouTube kimi platformalar yeniyetmələr üçün gecə yarısından səhər saat 06:00-dək əlçatan olmayacaq. Britaniya hökuməti bildirir ki, bu addımlar yeniyetmələrin daha yaxşı yatmasına, dərsə diqqətinin artmasına və ailə ilə daha çox vaxt keçirməsinə kömək edəcək.
Bununla yanaşı, nəşr qeyd edir ki, hesab parametrlərinin dəyişdirilməsi yolu ilə yeniyetmələr həmin saatlarda sosial media platformalarından istifadə etmək imkanına yenə də sahib ola bilərlər.
Britaniya hökuməti müvafiq qanun layihəsini 2026-cı ilin sonunadək parlamentə təqdim etməyi, yeni qaydaları isə gələn ildən qüvvəyə mindirməyi planlaşdırır.