Batuminin Şəhər Məhkəməsi Mzia Amağlobelinin inzibati işi üzrə qərarı martın 18-də elan edəcək
Batuminin Şəhər Məhkəməsi Mzia Amağlobelinin inzibati işi üzrə qərarı martın 18-də elan edəcək

 
Batuminin Şəhər Məhkəməsində “Batumelebi” və “Netgazeti”nin təsisçisi Mzia Amağlobelinin inzibati işi üzrə məhkəmə müzakirəsi başa çatıb.

Hakim məşvərətə çıxıb və qərarını martın 18-də elan edəcək.

Mzia Amağlobeli prosesdə distant şəkildə iştirak edirdi. O, özünü qanun pozucusu hesab etmir. Mzia Amağlobeli həqiqətən də stiker yapışdırdığını, lakin hüquq-mühafizə orqanlarının əməkdaşlarını təhqir etdiyinə dair saxlanılma protokolunda yazılanların yalan olduğunu bildirib.

Vəkillər də saxlanılma protokolunun saxtalaşdırılmasından danışırlar. Onlar rəsmi sənədin saxtalaşdırıldığını sübut edən videoyazıların olduğunu bildirirlər. Onların bəyanatına əsasən, Amağlobeli həbs edilərkən onun stiker yapışdırdığına görə İnzibati Xətalar Məcəlləsinin 150-ci maddəsi ilə saxlanıldığını deyən Batuminin polis rəisi İrakli Dqebuadzenin səsi videoyazıda eşidilir.

Saxlanılma protokoluna görə isə Mzia Amağlobelini polisləri təhqir etdiyinə görə 173-cü maddə ilə saxlayıblar.

Şahid polislər bunun əksini deyirlər. Onlar Mzia Amağlobelini polisə aksiya iştirakçılarını tutmağa əngəl olduqdan sonra saxladıqlarını deyiblər.

Bugünkü məhkəmə prosesində müdafiə tərəfinin şahidləri də dindirilib. Hadisə yerində işləyən bir neçə jurnalist, o cümlədən “Netgazeti”nin əməkdaşları dindirilib. Onlar Amağlobelinin polisləri təhqir etdiyini eşitmədiklərini deyiblər.

Mzia Amağlobeli yanvarın 11-də gecə saatlarında Acara Polis İdarəsinin binası yaxınlığında ilkin olaraq inzibati qaydada bir saatlığına saxlanılıb, sərbəst buraxıldıqdan sonra isə Batuminin polis rəisi İrakli Dqebuadzeyə sillə vurduğu üçün ikinci dəfə, cinayət ittihamı ilə saxlanılıb. Mzia Amağlobeli özünü təqsirli bilmir. O, etiraz əlaməti olaraq 38 gün aclıq aksiyası keçirib.