Batumi Neft Terminalı – Terminal səkkiz illik fasilədən sonra aviasiya neftinin boşaldılıb-yüklənməsini bərpa edib və Orta Dəhliz vasitəsilə Avropadan Qazaxıstana yanacaq tədarükünün əsas dayaq nöqtəsinə çevrilib
2026-cı ilin iyulunda Gürcüstanda “KazTransOil” Səhmdar Cəmiyyətinə məxsus aktiv – Batumi Neft Terminalı səkkiz illik fasilədən sonra aviasiya neftinin boşaldılıb-yüklənməsini bərpa edib və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) vasitəsilə Avropadan Qazaxıstana aviasiya yanacağının tədarükünün əsas dayaq nöqtəsinə çevrilib – bu barədə Batumi Neft Terminalının bəyanatında deyilir.
Bəyanata əsasən, terminal Avropa neft emalı zavodları tərəfindən istehsal olunan “JET A1” markalı aviasiya neftini emal etməyə başlayıb, bununla da yüklənib-boşaldılası yüklərin çeşidini genişləndirib.
“10 min ton həcmində aviasiya neftinin ilk partiyası Batumi Neft Terminalına dəniz nəqliyyatı ilə, Qara dəniz vasitəsilə çatdırılıb. Hazırda yük terminala yerləşdirilib və Qazaxıstan Respublikasına növbəti göndəriş üçün dəmir yolu vaqon-sisternlərinin gəlməsini gözləyir.
“JET A1” aviasiya nefti hava gəmilərinin etibarlı istismarını, eləcə də aviadaşımaların fasiləsiz həyata keçirilməsini təmin edən mülki aviasiya yanacağının əsas növlərindən biridir. Qazaxıstan Respublikasının aviasiya yanacağı ilə sabit təmin olunması nəqliyyat sahəsinin inkişafı, mobilliyin artırılması və ölkənin energetika təhlükəsizliyinin möhkəmləndirilməsi üçün böyük əhəmiyyət kəsb edir.
“JET A1” aviasiya neftinin boşaldılıb-yüklənməsinin bərpası Batumi Neft Terminalının logistik imkanlarını genişləndirir, Orta Dəhlizlə daşımaların inkişafına kömək edir, beynəlxalq tədarük zəncirlərinin davamlılığını artırır və “KazTransOil” Səhmdar Cəmiyyəti şirkətlər qrupunun tranzit potensialını təsdiqləyir.
Batumi Neft Terminalı aviasiya nefti ilə yanaşı, xam neft, mazut, dizel yanacağı, avtomobil benzini, müxtəlif markalı neft, durulaşdırılmış karbohidrogen qazları və digər maye neft yüklərinin boşaldılıb-yüklənməsini təmin edən ixtisaslaşdırılmış neft terminalıdır. 2026-cı ilin birinci yarısının nəticələrinə əsasən, Batumi Neft Terminalında maye neft yüklərinin boşaldılıb-yüklənməsinin həcmi təxminən 725 min ton təşkil edib” – Batumi Neft Terminalının bəyanatında deyilir.