Baş nazirin və parlamentin sədrinin birgə təqdimatı əsasında prezident cüdoçulardan ibarət milli komandanın üzvlərini mükafatlandırıb
Baş nazir İrakli Kobaxidze və parlamentin sədri Şalva Papuaşvilinin birgə təqdimatı əsasında Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili cüdoçulardan ibarət milli komandanın üzvlərini, məşqçiləri və cüdo federasiyasının rəhbərliyini “Şərəf” ordenləri və “Şərəf” medalları ilə mükafatlandırıb.
Bu gün Prezident Sarayında keçirilən mükafatlandırma mərasimində prezident, baş nazir və parlamentin sədri cüdoçuları qazandıqları uğurlar münasibətilə bir daha təbrik ediblər və onlara təşəkkür ediblər.
Baş nazirin qərarı ilə Gürcüstanın cüdoçulardan ibarət milli komandasına dünya çempionu titulunu qazanmaları ilə əlaqədar pul mükafatı – bir milyon lari veriləcək.
“Məhz idman ölkəmizin milli bayrağını ən yüksək səviyyəyə ucalda və himnimizi ifa edə biləcəyimiz sahədir. Bizə bəxş etdiyiniz böyük sevincə görə təşəkkür edirik. Biz idmanda xüsusi uğurlarımızın olmasından tez-tez danışırıq. İlk dəfə qarışıq komanda yarışında eyni vaxtda həm dünya, həm də Avropa çempionu olduq. Bu gün hər iki titulu eyni vaxtda daşıyırıq və buna görə xüsusi təşəkkür edirəm. Biz idmanın inkişafına maksimal şəkildə qayğı göstərməyə çalışırıq. Konkret planlarımız var və ən mühüm istiqamətlərdən biri bütün ölkə miqyasında çoxfunksiyalı idman mərkəzlərinin yaradılmasıdır. Bu, həm kütləvi idmanın, həm də yüksək nailiyyətli idmanın inkişafına kömək edəcək. Çoxfunksiyalı mərkəzlərin inkişafının yekun planında cüdoya xüsusi diqqət ayrılacaq” – İrakli Kobaxidze deyib.
Gürcüstan üçün göstərdiyi xüsusi xidmətə görə Gürcüstanın qadın cüdoçulardan ibarət milli komandasının üzvü, dünya çempionu Eter Liparteliani Gürcüstanın dövlət mükafatı – Çariça Tamar ordeni ilə mükafatlandırıldı.
Tarixi idman nailiyyəti üçün Qiorqi Sardalaşvili, Luka Maisuradze, Mixeil Baxbaxaşvili, Mariam Canturia, Sopio Somxişvili, Eter Askilaşvili, Gürcüstanın qadın cüdoçulardan ibarət milli komandasının məşqçisi Kaxaber Motsradze, Milli Cüdo Federasiyanın vitse-prezidenti Qiorqi Atabeqaşvili və cüdoçulardan ibarət milli komandanın həkimləri – Avtandil Telia və Qiorqi Mqeladzeyə “Şərəf” ordenləri verildi.
Qiorqi Cabniaşvili, İrakli Demetraşvili, Saba İnaneişvili, Nino Loladze, Gürcüstanın cüdoçulardan ibarət milli komandasının məşqçisi Nodar Metreveli, Milli Cüdo Federasiyasının prezidenti Levan Nozadze və milli komandanın həkimi Qiorqi Kazalikaşvili “Şərəf” medalları ilə mükafatlandırıldı.
Məlumatı Gürcüstanın Baş nazirinin mətbuat xidməti yayır.