Baş nazir Batumidə yenicə reabilitasiya olunmuş 4 və 5 nömrəli dövlət məktəblərinə baxış keçirib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Təhsil, Elm və Gənclər naziri Qivi Mikanadze, İnfrastruktur naziri Revaz Soxadze, Acarıstan Muxtar Respublikası hökumətinin sədri Zurab Pataradze və Acarıstan Muxtar Respublikası Ali Şurasının sədri Tsotne Ananidze ilə birlikdə Batumidə yenicə reabilitasiya olunmuş 4 və 5 nömrəli dövlət məktəblərinə baxış keçirib.
Hökumət başçısı məktəblərin müəllim və şagirdlərini tədris ilinə tamamilə yenilənmiş mühitdə başlamaları münasibətilə təbrik edib və onlara uğurlar arzulayıb.
Baş nazir məktəblərdə həyata keçirilmiş infrastruktur işləri ilə tanış olub.
Məktəblərin reabilitasiyası Gürcüstan hökuməti və Dünya Bankının birgə maliyyələşdirməsi ilə Bələdiyyə İnkişaf Fondu tərəfindən həyata keçirilib.
Məktəblərin infrastrukturu tamamilə yenilənib; müasir təhsil standartlarına uyğun daxili və xarici məkanlar, sinif otaqları, idman meydançaları və məktəb həyətləri yaradılıb. Həmçinin istilik, su təchizatı və kanalizasiya sistemləri tamamilə dəyişdirilib. Hər iki məktəb xüsusi təhsil ehtiyacı olan şagirdlər üçün tam şəkildə uyğunlaşdırılıb.
Məlumatı Gürcüstan hökumətinin administrasiyası yayıb.