Gürcüstanın Baş naziri İrakli Kobaxidze ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.
Hökumət Administrasiyası görüşdə ATƏT ilə əməkdaşlıq, regionda mövcud vəziyyət və Gürcüstanın qarşısında duran çağırışlara toxunulduğu barədə məlumat verir. Baş nazir Gürcüstana səfərinə və sıx əməkdaşlığa görə ATƏT-in baş katibinə təşəkkür edib.
Gürcüstanın demokratik prinsiplərə, insan hüquqlarına və qanunun aliliyinə sadiqliyi bir daha qeyd olunub.
Tərəflər Gürcüstanın işğal olunmuş ərazilərindəki mövcud vəziyyəti müzakirə ediblər. Qeyd olunub ki, gürcü tərəfi ATƏT-in Cenevrə Beynəlxalq Danışıqlarında həmsədrliyini və insidentlərin qarşısının alınması və onlara reaksiya vermə mexanizmi formatında iştirakını yüksək qiymətləndirir. Gürcüstan hakimiyyətinin sülh siyasətinə sadiqliyi xüsusilə qeyd olunub.
Hökumət Administrasiyasında keçirilən görüşdə Cənubi Qafqaz regionunda sülh və sabitliyin əhəmiyyətinə və bu baxımdan Gürcüstan tərəfindən göstərilən səyə xüsusi diqqət yetirilib. Qeyd olunub ki, ATƏT-in Avropa təhlükəsizlik arxitekturası üzrə dialoq üçün mərkəzi platforma kimi qalması vacibdir.