Bakı-Tbilisi dəmir yolu xəttində ilk sərnişin reysi Gürcüstanın Müstəqillik Günündə yerinə yetirildi
Bakı-Tbilisi dəmir yolu xəttində 6 illik fasilədən sonra ilk sərnişin reysi Gürcüstanın Müstəqillik Günündə yerinə yetirildi. İqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini Tamar İoseliani və “Gürcüstan Dəmir Yolları”nın baş direktoru Laşa Abaşidze Tbilisinin Mərkəzi Vağzalında reysi qarşılayıblar. Bu barədə məlumatı İqtisadiyyat Nazirliyi yayır.
Onların məlumatına əsasən, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov ilk sərnişinlər arasında olub.
Tamar İoselianinin bəyanatına əsasən, iki ölkə arasında sərnişin qatarlarının hərəkətinin bərpa edilməsi barədə qərar Gürcüstanın Baş nazirinin Bakıya səfəri çərçivəsində qəbul edilib.
“Bu gün ölkəmiz üçün çox mühüm bayramdır. Azadlıq ən böyük nailiyyətdir və onu qorumaq hər birimizin borcudur. Müvafiq olaraq, bu gün həqiqətən də tarixi gündür, 6 illik fasilədən sonra Bakı-Tbilisi reysi ilk dəfə yerinə yetirildi. Mayın 26-dan reyslər hər gün yerinə yetiriləcək, bu da vətəndaşlarımıza, azərbaycanlı qonaqlara və turistlərə rahat səyahət etmək imkanı verəcək. Bu, ölkənin iqtisadi inkişafına və turizmin stimullaşdırılmasına, eləcə də xalqlararası əlaqələrin gücləndirilməsinə töhfə verəcək çox mühüm qərardır” – nazir müavini qeyd edib.
Yeni təyin olunmuş marşrut üzrə reyslər gündəlik rejimdə yerinə yetiriləcək.