Azərbaycanın Təhsil Nazirliyi İranın elm və tədqiqat nazirinin bəyanatını tənqid edib: “Azərbaycanın daxili işlərinə müdaxilə etmək əvəzinə, öz problemlərinə diqqət yetirsələr, daha yaxşı olar”
Azərbaycanın Elm və Təhsil Nazirliyi İranın elm, tədqiqat və texnologiyalar nazirinin bəyanatını tənqid edərək bunu ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirib.
Azərbaycanın Elm və Təhsil Nazirliyinin bəyanatında bildirilir ki, Hüseyn Simai-Sərəfin açıqlaması qəbuledilməzdir və heç kimin ölkənin daxili işlərinə, o cümlədən təhsil siyasətinə müdaxilə etməyə haqqı yoxdur. Bu cür müdaxilə cəhdlərinin qarşısı qətiyyətlə alınacaq.
Azərbaycanın Təhsil Nazirliyi İran rəsmilərini “öz ölkələrinin daxili problemləri ilə məşğul olmağa” çağırıb.
Azərbaycanın Təhsil Nazirliyinin bəyanatına görə, İranın yürütdüyü siyasət nəticəsində ölkədə tədrisin Azərbaycan dilində aparıldığı heç bir məktəb yoxdur, ali təhsil müəssisələrində də Azərbaycan dilində tədris həyata keçirilmir. Bəyanatda qeyd olunur ki, İran əhalisinin təxminən 40 milyonu etnik azərbaycanlıdır və onlar onilliklərdir ana dillərində təhsil almaq hüququndan məhrumdurlar.
“Azərbaycanın daxili işlərinə müdaxilə etmək əvəzinə, İranın elm, tədqiqat və texnologiyalar naziri, eləcə də İranda bu məsələ ilə bağlı danışan digər şəxslər öz problemlərinə diqqət yetirsələr və onilliklərdir davam edən görünməmiş ədalətsizliyin aradan qaldırılması üçün tədbirlər görsələr, daha yaxşı olar”, – deyə bəyanatda bildirilir.
Azərbaycan mediasının məlumatına görə, İranın elm, tədqiqat və texnologiyalar naziri Hüseyn Simai-Sərəf Azərbaycanda vahid məktəbli formasının tətbiqini tənqid edib. O bildirib ki, təhsil almaq hüquqlarının məhdudlaşdırıldığını deyən qızlar üçün “azad təhsil mühiti” yaradacaqlar. Bununla yanaşı, İran universitetlərinin azərbaycanlı qızları qəbul etməyə hazır olduğunu qeyd edib.