Azərbaycanın Rusiyadakı səfiri bəyan edir ki, Ermənistan-Azərbaycan sərhədində mövcud münaqişənin daha böyük toqquşmalara çevrilməsi mümkündür
Azərbaycanın Rusiyadakı səfiri bəyan edir ki, Ermənistan-Azərbaycan sərhədində mövcud münaqişənin daha böyük toqquşmalara çevrilməsi mümkündür

Azərbaycanın Rusiyadakı səfiri bəyan edir ki, Ermənistan-Azərbaycan sərhədində mövcud münaqişənin daha böyük toqquşmalara çevrilməsi mümkündür.

“Ötən gün Azərbaycan-Ermənistan sərhədində baş verənlər yeni və sensasiyalı hadisələr deyil. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə vurğulamışdır ki, Azərbaycan heç vaxt ərazisinin 20 faizinin itirilməsi ilə barışmayacaq. Siz necə düşünürsünüz, infrastrukturu inkişaf etmiş, zəngin, 10 milyonluq ölkə öz ərazilərinin sonsuza qədər işğalda qalmasına imkan verəcək? Axı, bu mümkün deyil”, – Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bəyan etdi.

Səfirin dediyinə görə, sülh danışıqları heç bir nəticə vermir.

“Azərbaycan ərazisi işğalda saxlanılana qədər bu cür hadisələr qaçılmazdır. Biz bu barədə 2016-cı ildə, aktiv hərbi əməliyyatlar baş verən zaman da demişik. Təəssüf ki, böyük ölkələr, qonşularımız bu münaqişəni dondurmağa çalışır ki, o, qeyri-müəyyən müddətədək davam etsin. Danışıqlar danışıqların aparılması naminə gedə bilməz. Müzakirələr nəticə verməlidir. Danışıqlar nəticə verməsə, təbii ki, hərbi əməliyyatlar olacaq. Buna görə, mövqeyimizi birdəfəlik anlamaq lazımdır. Biz bunu dəfələrlə demişik ki, Azərbaycan xalqı heç vaxt ərazilərinin itirilməsini qəbul etməyəcək. Söhbət xarici qoşunların Azərbaycan ərazisindən çıxarılmasından gedir, onlar Azərbaycan ərazisindədirlərsə, belə toqquşmalar davam edəcək və bir gün bütün bölgə üçün fəlakətə səbəb ola biləcək genişmiqyaslı müharibəyə çevrilə bilər”, – səfir bəyan etdi.